Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin mart ayında keçiriləcək. 2020-ci ildə keçirilən referendumun nəticələrinə görə, hazırkı Prezident Vladimir Putinin prezidentlik müddətləri sıfırlandığından onun yenidən namizəd olmaq şansı var. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürsə, heç kim onunla rəqabət apara bilməyəcək: Peskov bildirib ki, Kremldə prezident seçkilərinə hazırlıq hələ başlamayıb. Onun sözlərinə görə, qarşıdan gələn prezidentlik kampaniyasının mənasını həm xarici gündəm, həm də Rusiya cəmiyyətinin inkişaf mərhələsi diktə edir. Putin özü prezident seçkilərində namizəd olub-olmayacağına dəqiq aydınlıq gətirməyib.
Siyasi analitik Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Rusiya kimi ölkə üçün prezident seçkiləri ciddi proses deyil:
“Nəticəsi öncədən bəlli olacaq seçkinin Rusiyanın gündəminə oturması vacib deyil. Seçki sadəcə görüntü yaratmaq üçündür. Amma Putinin yenidən Rusiya prezidenti seçilməsi məsələsi siyasi proseslərin sonrakı inkişafından aslıdır. Ukrayna müharibəsindəki ciddi uğursuzluq bu proseslərə təsir edə bilər. Bu durumda Rusiyada çevriliş və ya vətəndaş itaətsizliyi mümkün ola bilər. Putinin səhhətində ciddi problemlər olduğu da qeyd edilir. Onun yenidən prezidentliyə namizəd olmaqdan başqa yolu yoxdur. Bu, bir reallıqdır. On illərlə hakimiyyətdə olan bir insanın bunu davam etdirməkdən başqa yolu qalmır, çünki bu illər ərzində baş verən proseslər onu məcbur edir ki, nə yolla olursa-olsun hakimiyyətdə qalsın.
Hesab etmək olar ki, Putin öz namizədliyini yenidən mütləq verəcək”.
//Gülnarə Abasova, Editor.az

