“Rusiyada real müxalifət yoxdur. Böyük ehtimalla Vladimir Putin yenidən prezident kürsüsündə qalacaq”.
Bu sözləri Editor.az-a Rusiyada keçiriləcək prezident seçkilərini şərh edərkən politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, Putinin yenidən seçiləcəyi halda daha əmin siyasi addımlar atacağı gözləniləndir:
“İstər Mərkəzi Asiya və Qafqaz olsun, istərsə də Şərqi Avropaya baxışda fərqli münasibətlər sərgiləyə bilər. Xüsusilə Ukrayna cəbhəsində rəsmi Kremlin əlverişli mövqe qazanacağını gözləmək olar.Bu günlərdə Rusiyada 170 minlik yeni ordu yaradılması haqqında qərar verildi. Digər tərəfdən isə Ukraynaya söz verilən silah-sursat və hərbi texnikanın göndərilməsi dayandırılıb. Bu isə rəsmi Moskvanın işinə yarayır. Rusiya vəziyyətdən istifadə edərək qarşı tərəfi özünə sərf edən şərtlər altında müqavilə bağlamağa məcbur edə bilər. Ukraynada tam qələbə mümkün deyil. Amma gərginliyin artacağı gözləniləndir. Görünən odur ki, hazırda Kremlin əsas məqsədi ələ keçirdiyi yeni ərazilərdə möhkəmlənmək şərti ilə müqavilə imzalamaqdır. Çünki Ukraynanın tam işğalı heç də real görünmür”.
Daxili siyasətə gəlincə isə Turab Rzayev qeyd edib ki, indiki vəziyyətdə insanların rifah halı ağır olsa belə Putinin yenidən prezident seçilməsi daha real görünür:
“Siyasi meydandakı rəqabətsiz durum hazırkı iqtidarın ömrünün uzanmasına şərait yaradan başlıca amillərdəndir.Aleksey Navalnın həbs də olmasını da nəzərə alsaq bu seçkilərdə iktidarın mövqeyini zəiflədəcək gücə malik müxalif fiqur və ya partiya yoxdur. Rusiyada şəffaf və müdaxilə edilmədən seçkilər keçirilsə belə müxalifətin nə qədər səs toplaya biləcəyi sual altındadır. İndiki məqamda Vladimir Putinə real alternativ yoxdur. Bununla yanaşı, razılaşdırılmış hakimiyyət dəyişikliyinin olma ehtimalı da çox aşağıdır. Putinin belə bir gediş etməsi hazırkı durumda gözlənilməz olardı”.
//Qasım Məmmədli, Editor.az

