Kreml təhlükəsizlik xidmətlərinə növbəti hərbi qiyam təhlükəsinə hazırlaşmağı əmr edib.
Editor.az “The Moscow Times”ə istinadən xəbər verir ki, Kreml hesab edir ki, Rusiyada Yevgeni Priqojinin ləğvindən sonra yeni hərbi qiyam təhlükəsi yaranıb. Hüquq-mühafizə orqanları və hökumət mənbələrinə görə, təhlükəsizlik xidmətləri artıq iyunun sonunda “Vaqner”in təşkil etdiyi “tamaşalara” nəzarət etmək və qarşısını almaq üçün çalışır.
Moskvaya 200 km-dən də az yaxınlaşan tanklar iyirmi ildən çox hakimiyyətdə olmuş Vladimir Putində “unudulmaz təəssürat” yaradıb. Dörd mənbə bildirir ki, Priqojin nəinki ordu komandanlığına qarşı çıxıb, həm də prezidentin şəxsi göstərişinə tabe olmayıb və buna görə də rejim üçün təhlükə hesab edilib. Priqojinin mirası Ukrayna, Afrika və Yaxın Şərqdə döyüş təcrübəsi olan, teleqram kanalları və siyasi texnoloqlardan ibarət media imperiyası tərəfindən dəstəklənən hərbi hissələrdir. Mənbələrin sözlərinə görə, Kreml “Vaqner”i indiki formada saxlaya bilməyəcək.
PMC ləğv ediləcək. Beynəlxalq Böhran Qrupunun analitiki Oleq İqnatov deyir: “Vaqner”in bir çox üzvləri hökumətin Priqojinin ölümünün arxasında dura biləcəyinə inanır. Hökumət isə belə risklərə göz yuma bilməz”. Priqojinin ləğvindən iki gün sonra Rusiya prezidenti Vladimir Putin “Vaqner”çilərin beyət etmələrini tələb edən fərman imzalayıb.
Qeyri-hərbi birləşmələrin, o cümlədən könüllü batalyonların və ərazi müdafiəsinin bütün üzvləri Dövlət Bayrağı qarşısında “konstitusiya quruluşunu” müdafiə edəcəklərinə and içməlidirlər. London Kral Birləşmiş Xidmətlər İnstitutunun tədqiqatçısı Natia Seskuria deyib: “Putin gələcəkdə böhranın təkrarlanmaması üçün “Vaqner”ə daha möhkəm nəzarət etmək istəyir”.
//Samir Qurbanov, Editor.az