Yekaterinburqda baş verən son hadisələrdən sonra Azərbaycan-Rusiya münasibətlərində gərginliklər artmaqdadır. Bu gərginlik xüsusilə Rusiyada yaşayan azərbaycanlılar üçün riskləri artırıb. Artıq bir sıra şəhərlərdə azərbaycanlılara qarşı həbslər həyata keçirilir və bu tendensiyanın genişlənməsi ehtimalı mövcuddur. Maraqlıdır, əgər gərginlik daha da dərinləşsə və azərbaycanlılar kütləvi şəkildə vətənə qayıtmalı olsalar, bu proses ölkə iqtisadiyyatına hansı təsirləri göstərə bilər?
Moderator.az-a danışan iqtisadçı Elçin Rəşidov hesab edir ki, Rusiyadakı azərbaycanlıların kütləvi şəkildə Azərbaycana qayıtması artıq real və gözlənilən bir ssenaridir. Bu proses baş verərsə, ölkənin iqtisadiyyatına çoxcəhətli təsirlər qaçılmaz olacaq.

İlk növbədə, ekspert pul baratlarının azalacağına diqqət çəkib:
“Bildiyiniz kimi, hər il Azərbaycan iqtisadiyyatına xaricdən, xüsusilə Rusiyadan böyük həcmdə pul baratları (remittanslar) daxil olur. Bu məbləğlər illik yüz milyonlarla ölçülür. 2022-ci ildə isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı miqyaslı köçlər nəticəsində bu göstərici bir milyard dolları belə keçmişdi. Sonrakı illərdə bu məbləğlərdə xeyli azalma müşahidə olunub. Əgər Rusiyada yaşayan azərbaycanlılar qayıdarsa, bu göstərici faktiki olaraq sıfıra enəcək. Bu vəsaitlərin itməsi regionların sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq.Regionlarımızda bir çox ailələr məhz xaricdən gələn vəsaitlər hesabına dolanır. Bakıya nisbətən daha kasıb olan bölgələrdə bu pul baratları ailələrin əsas gəlir mənbəyinə çevrilib. Bu axının kəsilməsi isə həmin bölgələrdə həm istehlakın azalmasına, həm də sosial gərginliyin artmasına səbəb olacaq”.
E. Rəşidov əlavə edib ki, hazırda belə bir xərclər maddəsi də var — xaricdəki aztəminatlı soydaşlara yardım məqsədilə Diaspora Komitəsi tərəfindən vəsaitlər ayrılır:
“İngilis dilində buna “pork barrel” deyilir. Bu, büdcədə müəyyən siyasi və sosial məqsədlərlə ayrılmış vəsaitləri ifadə edir. Hazırda Diaspora Komitəsi də bu məqsədlə bəzi ailələrə maliyyə yardımı göstərir. Ancaq indi vəziyyət dəyişə bilər. Rusiyada sosial vəziyyətin ağırlaşması bu xərcləri artıracaq.
Baş verə biləcək dönüş təkcə sosial yardımlarla məhdudlaşmayacaq. Regionlarda yeni investisiyaların azalması, istehlak bazarının kiçilməsi, sosial narazılıqların dərinləşməsi və ümumi iqtisadi durğunluq riski artıracaq. İstehlak azalacaq, sosial problemlər artacaq. Bu da öz növbəsində investisiya mühitinə mənfi təsir edəcək. Belə vəziyyətdə dövlət daha planlı və ehtiyatlı qərarlar verməli, sosial müdafiə sistemini təcili gücləndirməlidir”.
İqtisadçının fikrincə, Rusiyadan kütləvi şəkildə qayıdacaq azərbaycanlılar ilk növbədə ölkədə iş axtaracaqlar. Bu isə hazırkı əmək bazarında ciddi gərginlik yaradacaq:
“Təsəvvür edin, əgər yüz minlərlə insan eyni anda əmək bazarına daxil olmağa çalışsa, ölkənin mövcud məşğulluq sistemi buna davam gətirə bilməyəcək. Çünki bazar birdən-birə bu qədər insan üçün yeni iş yeri yaratmağa hazır deyil. Bu zaman bəzi iş yerlərində mövcud işçilər yeni gələnlərlə əvəz oluna bilər ki, bu da sosial narazılıq və işsizlik dalğası yaradacaq”.
Ekspert qeyd edib ki, bu, təkcə işsizliklə bitməyəcək, eyni zamanda dövlətin sosial öhdəliklərini də artıracaq:
“Artan işsizlik nəticəsində sosial yardımlara ehtiyac artacaq. Sosial Müdafiə Fondunun yükü çoxalacaq, dövlətin sosial xərcləri genişlənəcək. Bu isə artıq indidən azalan büdcə imkanları fonunda dövlət üçün əlavə risklər yaradır.
Qayıdan şəxslərin əhəmiyyətli hissəsinin yaşayış yeri olmayacağına görə mənzil bazarına da ciddi təzyiq yaranacaq. Kiminsə maddi imkanı varsa, ev almağa çalışacaq və bu da daşınmaz əmlakın qiymətlərini artıracaq. Lakin əksəriyyət kirayə mənzillərə üz tutacaq ki, bu da kirayə bazarında kəskin qiymət artımı ilə nəticələnəcək. Xüsusilə Bakı və iri şəhərlərdə vəziyyət daha da ağırlaşacaq. Bu vəziyyətdən ən çox zərər görənlərdən biri də regionlardan gələn tələbələr olacaq.
Kirayə qiymətlərinin artması Bakıda təhsil alan region gənclərinin vəziyyətini daha da çətinləşdirəcək. Onsuz da bizim ali təhsil siyasətimiz region tələbələri üçün bərabər imkanlar yaratmır. Onlar Bakıda yaşayanlarla eyni şərtlərdə deyil, disavantajlı vəziyyətdədirlər”.
Bu qeyri-bərabərliyin nəticəsində çoxsaylı istedadlı gənclərin üzə çıxmasına imkan verilmədiyini bildirən iqtisadçı əlavə edib:
“Regionlardan gələn gənclər üçün əlavə sosial və maliyyə çətinlikləri yarandıqca, onların təhsili yarımçıq qalacaq və potensiallarının açılması mümkünsüz olacaq. Bu isə uzunmüddətli perspektivdə həm cəmiyyət, həm də iqtisadiyyat üçün böyük itkidir. Regionlardan gələn tələbələrin vəziyyəti təkcə kirayə qiymətləri ilə deyil, ümumilikdə ölkədəki təhsil siyasəti ilə də çətinləşir. O, Azərbaycanda təqaüd sisteminin də ədalətli şəkildə təşkil olunmadığını bildirib. Bizdə tələbələrə verilən təqaüdlər əsasən akademik göstəricilərə görə verilir. Amma bu, sosial ədalətsizlik yaradır. Təqaüdlər, əslində, tələbənin maddi ehtiyacına görə verilməlidir. Dünya bu modeldən – yəni performansa əsaslanan təqaüdlərdən – çoxdan imtina edib. Bu, çoxdan geri qalmış bir yanaşmadır. Guya bu tələbələri motivasiya edir, amma əslində, ehtiyacı olan gəncləri daha da geridə qoyur. Aparılan iqtisadi və sosial araşdırmalar göstərir ki, məhz ehtiyaca əsaslanan təqaüd sistemi həm təhsilin keyfiyyətinə, həm də istedadlı gənclərin üzə çıxmasına daha çox töhfə verir.
Əgər tələbələrə yaşayış şəraiti nəzərə alınaraq dəstək verilsə, daha çox istedadlı gənc inkişaf edə bilər. Bu, təkcə sosial ədalət məsələsi deyil, eyni zamanda iqtisadiyyatın da uzunmüddətli inkişafına xidmət edir”.
Ekspert həmçinin istehlak bazarındakı potensial dəyişikliklərə də toxunub. Onun sözlərinə görə, ölkəyə kütləvi şəkildə vətəndaşların qayıtması gündəlik tələbat mallarına olan tələbi artıracaq:
“Əhali sayı artdıqca, təbii olaraq istehlak da artır. Bu isə xüsusilə ərzaq və gündəlik tələbat məhsullarında tələbin yüksəlməsi ilə nəticələnəcək. Tələb artarsa, qiymətlər də arta bilər. Bu da inflyasiya riskini gücləndirir. Əgər bu prosesə vaxtında müdaxilə olunmazsa, qiymət artımı aşağı gəlirli təbəqələr üçün çox ağır nəticələr doğura bilər.
Rusiyadan Azərbaycana qayıdan azərbaycanlıların sayı regionlara görə fərqli təsir göstərəcək. Çünki ölkədən miqrasiya səviyyəsi regiondan regiona dəyişirdi. Məsələn, cənub bölgələri, Quba-Qusar zonası və Şəmkir ətrafı ərazilərdən Rusiyaya gedənlərin sayı digərlərinə nisbətən daha çox olub. İndi həmin insanlar geri qayıdarsa, bu bölgələrin iqtisadi və sosial infrastrukturu üzərində daha ciddi təzyiq formalaşacaq. Əmək bazarında rəqabət artacaq, işsizlik yüksələcək, kirayə bazarında qiymətlər qalxacaq, orta məktəblərdə sinif otaqları çatışmayacaq. Mövcud məktəb və xəstəxana infrastrukturu bu yükü daşımağa hazır deyil.
Siniflərdə yerlər çatmayacaq, xəstəxanalarda növbələr artacaq. Bu isə vətəndaş narazılığına, xidmət keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq. Mövcud infrastruktur artan tələbatı qarşılayacaq səviyyədə deyil”.
“Neft gəlirlərinin azalması fonunda dövlətin yeni sosial yükü daşıması daha da çətinləşəcək. Ona görə də səmərəli və məqsədyönlü xərcləmə mexanizmi vacibdir. Təəssüf ki, bu günə qədər dövlət sektoru bir qədər nizamsız şəkildə böyüyüb və səmərəsiz xərclərə yol verilir. İndi vəziyyət dəyişir, artıq ciddi səmərələşdirmə və prioritetləşdirmə zərurəti yaranıb”,- deyə iqtisadçı Elçin Rəşidov bildirib.

