Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda Ukraynaya yardım göstərən ölkələrlə və separatçı rejimlərlə yanaşı, “Dağlıq Qarabağ” ifadəsinin də işlənməsi Azərbaycan hökumətində ciddi narazılıq yaradıb. Azərbaycanın Müdafiə Nazirliyi məsələ ilə bağlı dərhal açıqlama verib və “Dağlıq Qarabağ” ifadəsinin işlənməsinin qəbuledilməz olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur.
Mövzu ilə bağlı Editor.az-a danışan siyasi şərhçi Tural İsmayılov bildirib ki, Azərbaycan hər zaman Rusiya ilə münasibətlərdə dürüst, aydın və birmənalı mövqe ortaya qoyub:

“Eyni zamanda, Azərbaycan heç bir zaman Rusiya əleyhinə üçüncü hansısa dövlətlə birlikdə təxribatçı siyasi plan və projelərdə yer almayıb. Lakin bütün bunlara baxmayaraq bəzən Rusiya tərəfindən bizi qane etməyən münasibətlər ortaya çıxır . Çox təəssüf ki, həm “10 noyabr”, həm də “Soçi bəyannaməsi”nin üçüncü imzasının Rusiya tərəfinə aid olmasına rəğmən artıq leksikonda olmayan “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilir. Bu kifayət qədər ciddi səhvdir”.
T. İsmayılov qeyd edib ki, Rusiyanın siyasi-hərbi elitasının içərisində hələ də proseslərin mahiyyətini tam dərk etməyən və müəyyən mənada ermənilərə simpatiyası olan qüvvələr var ki, onlar Rusiya ilə Azərbaycan arasındakı münasibətləri korlamaq və Azərbaycanın qazandığı qələbədən sonra regionda yeni formalaşan siyasi reallıqları qəbul etməmək xətti götürüblər:
“Hesab edirəm ki, Azərbaycanın bu məsələ ilə bağlı haqlı etirazına Rusiya tərəfindən rəsmi cavab verilməli, bu ifadənin yer almasında iştirak edən siyasi kimliyi olan şəxslər mütləq şəkildə cəzalandırmalı və töhmət almalıdırlar. Ümumilikdə Rusiya tərəfinin belə səhvləri Azərbaycanla Rusiya arasında imzalanmış “Moskva beyannaməsi”nə də ziddir. Rusiyanın bu qədər sanksiyalarla üzləşdiyi, dünyada Rusiyaya qarşı aqresiyanın gücləndiyi bir vaxtda onunla müttəfiqlik sazişi imzalayan Azərbaycanla bağlı “Dağlıq Qarabağ” ifadəsini işlətməsi və buna yol verənlərin kimliyi ilə bağlı ictimaiyyətə açıqlama verməməkləri böyük təəssüf doğurur. Hesab edirəm ki, Rusiya siyasi rəhbərliyi iki ölkə arasındakı münasibətlərə zərbə vuran bu tip fəaliyyətlərin qarşısını tamamilə almalı və Azərbaycanla münasibətlərin zədələnməsinə icazə verməməlidir”.
//Gülnarə Abasova, Editor.az

