Rusiyadan Ermənistana sətiraltı mesaj: Lavrovun açıqlamaları nədən xəbər verir?backend

Rusiyadan Ermənistana sətiraltı mesaj: Lavrovun açıqlamaları nədən xəbər verir?  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında Qərb ölkələrini ittiham edib. Lavrov ATƏT-in Minsk qrupu ilə bağlı da sualı cavablandırıb. XİN rəhbərinin sözlərinə görə, artıq “ölmüş” struktur sayılan Minsk qrupunun uğursuzluğunun səbəbi həmsədr Qərb dövlətləri olub: “Minsk qrupunu Fransa və ABŞ “dəfn etdi”, Rusiyanın bu məsələyə heç bir aidiyyəti yoxdur. Minsk qrupu bir vaxtlar yaradılanda məqsəd bölgədə təsir gücünə malik olan, rəsmi İrəvana və Bakıya siqnal göndərə biləcək dövlətləri birləşdirmək idi. Həmin vaxt Rusiya və ABŞ-nin həmsədrliyi ilə işləmək barədə razılıq əldə olunmuşdu, daha sonra Fransa da bu ikiliyə qatıldı”.

Mövzu ilə bağlı açıqlamasında politoloq Şəbnəm Həsənova Editor.az-a bildirib ki, Rusiya XİN rəhbərinin açıqlaması sadəcə ATƏT-in Minsk Qrupunun dəfn edildiyi reallığından xəbər vermir, mövcud açıqlama hətta ATƏT-in özünün aqibətini belə müşkül suallarla üz-üzə qoyur:

“Bir sözlə, bütövlükdə ATƏT-in özünü də bir təsisat kimi “heçə” endirdi. Bu isə Qərb bloku ilə Rusiya arasında olan məsələlərlə bağlıdırsa, Polşanın bu məsələlərdə tutduğu mövqeyə Rusiyanın birmənalı və kəskin baxışı ilə əlaqədardır. Buna görə də Lavrov ATƏT-in marginal təşkilata çevrilməsində Polşanın hazırkı sədr kimi onun məzarını qazdığını bildirir. Lavrov bütövlükdə ABŞ-ı Avropa İttifaqını yerə vurmaqda, daha sadə dillə desək vasitə, alət kimi istifadə etməkdə ittiham etdi. Məlum oldu ki, Rusiya əvvəlki münasibətlərin bərpası üçün Qərbə şans belə tanımır. Bu istiqamətdə cəhd olarsa, o zaman qarşılıqlı fəaliyyətin prinsipial yeni təməllərindən danışır. Yəni, sil başdan.
Ermənistan-Azərbaycan məsələsinə gəldikdə isə aydın görünür ki, rəsmi Kreml indiyə qədər tutduğu mövqedə dəyişikliyə gedir. Son zamanlarda ABŞ-ın təşəbbüsləri ələ alması, sülh müqaviləsinə gedilməsi istiqamətində ortaya qoyduğu aktiv mövqe, regiona reallaşdırılan səfərlər fonunda Rusiyanın belə bir mövqedən çıxış etməsi həm də zərurətdən doğan reallıqdır. Buna da Azərbaycan nail oldu. Nəticədə bizim gündəliyimizdən kənar, fərqli bir fikir ortaya belə atıla bilməsin”.

Ş. Həsənovanın sözlərinə görə Lavrov BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsinə istinad edən Praqa görüşünün nəticəsini qəbul edir və Ermənistana da xatırladır ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığın kimi Qarabağ üzərində Azərbaycanın suverenliyini də tanımısan:

” Bununla da Ermənistanın Rusiyanı günahlandırmaq cəhdlərini heçə endirirsə, həm də Ermənistanın Bakı ilə Moskvanı daha kəskin üz-üzə qoymaq kimi hiyləgər planın qarşısını alır. Lavrovun fikirlərində Qarabağ erməniləri Azərbaycanın daxili işidir reallığı təsdiqlənir. Bu baxımdan da Ermənistan rəhbərliyinin iç üzünü də ortaya çıxardır ki, cəmiyyətin başını Qarabağın statusu ilə bağlı artıq aldada bilmədiyinizdən, Qarabağdakı erməni əhalinin hüquqlarının təmin edilməsindən danışırsınız ki bunu da Azərbaycan təmin edəcək. Ermənistan da daxil olmaqla statusun müəyyən, ya qeyri-müəyyən zamana təxirə salınması məsələsi də mümkün deyil. Status ümumiyyətlə yoxdur. Moskva məhz Ermənistanın Qarabağ kartından istifadəsi cəhdlərinin qarşısını alır. Bura kimi hər şey müsbətdir. Lakin Lavrovun başçılıq etdiyi siyasi təsisat kimi daha bir önəmli Rusiya siyasi institutu da var ki, bu da Müdafiə Nazirliyidir. Hansı ki rus sülhməramlı kontingent də birbaşa ora bağlı olsa da hər halda mərkəz Kremldir, direktivlər də ordan gəlir. Yəni, bir sözlə rəsmi şəxslər və siyasi institutlar mövqelərini uyğunlaşdırmalı, toponimlərlə, Dağlıq Qarabağ ifadəsinin süni olaraq aktual saxlanılması ilə bağlı kobud yanlışlıqlara yol verilməməlidir. Ruben Vardanyan planı, o istiqamətdə addımlar atmaq ssenarisi də daxil. “Fransa sonradan bu ikilyə qatıldı” fikri isə birmənalı Ermənistan vasitəsilə Fransanın regiona nüfuz etməsinin mümkünsüzlüyün bir daha təsdiq edirsə, Ermənistana da mesajdır ki, Fransaya meyl etməyin, ordan mədət ummağın faydasızdır, Fransanın deyil, bizim nüfuz dairəmizdəsən”.

//Gülnarə Abasova, Editor.az