Rusiyalı ekspertlər: “Xocalı faciəsi soyqırımı aktı kimi tanınmalı və onu törədənlər cəzalandırılmalıdır”backend

Rusiyalı ekspertlər: “Xocalı faciəsi soyqırımı aktı kimi tanınmalı və onu törədənlər cəzalandırılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Federasiyası Xocalı faciəsinə hüquqi qiymət verməlidir, bu cinayət soyqırımı aktı kimi qəbul edilməlidir”.

Bu fikirləri Moskvanın Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan anım tədbirində iştirak edən rusiyalı ekspertlər bildiriblər.

İqor Korotçenko: “Xocalı Xatın və Sonqmi ilə eyni sırada dayanan soyqırımı cinayətidir”

“Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Xocalı faciəsini bəşəriyyət tarixinin sağalmaz yarası adlandırıb: “Bu faciə heç vaxt unudulmamalıdır. Xocalı Azərbaycan xalqının erməni silahlı birləşmələri və erməni terrorçuları tərəfindən törədilən soyqırımıdır. Bu vəhşicəsinə törədilmiş cinayətdir. Xocalı Belarusun Xatın, Vyetnamın Sonqmi kəndlərinin dinc əhalilərinin vəhşicəsinə qətlə yetirilməsi, soyqırımına məruz qalmaları ilə eyni sırada dayanan dəhşətli cinayətdir. Xocalı soyqırımı zamanı müharibə zonasını tərk etməyə cəhd edən yüzlərlə qadın, qoca və uşaq qəddarcasına qətlə yetirilib. Həmin cinayət Ermənistanın həmin dövrdə müntəzəm silahlı qüvvələri tərəfindən törədilib”.

Rusiyalı hərbi ekspert hesab edir ki, bu gün təkcə Xocalı faciəsinin qurbanlarını yad etməklə kifayətlənmək olmaz:

“Bu cinayəti soyqırımı aktı kimi rəsmən tanımaq lazımdır. Mən şəxsən Dövlət Duması tərəfindən bununla bağlı qətnamənin qəbul edilməsinin tərəfdarı olmuşam və bu gün də tərəfdarı olmağa davam edirəm. Bu, Rusiya məhkəməsinə Rusiya Federasiyası ərazisində Xocalı cinayətinin iştirakçılarının axtarışına, saxlanmasına və məhkəmə qarşısına çıxarılmasına və onların əməllərinə hüquqi qiymət verilməsinə imkan verəcək. Burada söhbət erməni siyasətçilərindən, hərbçilərindən, Xocalıda qətliam törədilməsi əmrini verən silahlı birləşmələrin rəhbərlərindən gedir. Bu gün Ermənistanın siyasət səhnəsində həmin şəxslər qalmaqda davam edir. Onlara qarşı cinayət təqibinə başlanılmalıdır və onlar məsuliyyətə cəlb olunmalıdırlar.

Mən Rusiyanın ekspert cəmiyyətinin simasında Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Biz Xocalı faciəsini xatırlayırıq, biz sizinləyik. Xocalı qurbanlarının külü qəlbimizdədir və biz erməni hərbi cinayətkarlarının cəzalandırılmasını tələb edirik”, deyə Korotçenko vurğulayıb.

Qriqori Tofimçuk: “Azərbaycan Xocalıda ədalətə mütləq nail olacaq”

Rusiyalı politoloq, Cənubi Qafqaz regionu üzrə tanınmış siyasi ekspert Qriqori Trofimçuk bir ekspert kimi, keçmiş vahid ölkənin sakini və bir-birinə yaxın olan xalqın nümayəndəsi kimi bu vacib anım tarixini hər zaman xatırladığını söyləyib: “Hesab edirəm ki, bu təkcə, azərbaycan xalqının deyil, həm də bizim faciəmizdir. Ədaləti təmin edən onu mütləq təyinat nöqtəsinə çatdıracaqdır, məqsəd icra olunacaqdır. Mən Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” marafonuna diqqəti çəkmək istəyirəm. Bu, kimdənsə intiqam və ya qisas almaq deyil. Azərbaycanda bu iki sözün məna fərqini çox yaxşı başa düşürlər. Azərbaycan məhz ədalət tələb edir. Düşünürəm ki, bu məqsədə mütləq çatılacaq. Ona görə ki, ”Xocalıya ədalət” kampaniyası çərçivəsində çox işlər görülüb. Ədalət zəfər çalmalıdır. Bu, həm də bizim, rusların, rusiyalıların, Azərbaycanla dost olan hər kəsin vəzifəsidir. Hətta Azərbaycanın rəqiblərinin də vəzifəsidir. Ona görə ki, bu, hər kəsə aiddir. Nə qədər ki, Xocalıda qətlə yetirilən dinc sakinləri bizim kürəyimizdə yükdür, bu ədalət qlobal miqyasda zəfər çalmayacaq. Mənə elə gəlir ki, məhz bu səbəbdən dünyada dinc sakinlərin qətlə yetirilməsi problemi çoxalır. Ona görə ki, Xocalı hazırda postsovet və Avrasiya məkanında daha çox geniş yayılan qara nifrətin mənbəyidir. Biz rusiyalılar bu ədalətin zəfər çalması üçün səylər göstərəcəyik”.

Sergey Markov: “Xocalıya ədalət həm də Xocalı sakinlərinin evlərinə qayıtmasıdır”

Rusiya Siyasi tədqiqatlar İnstitunun direktoru, tanınmış politoloq Sergey Markovun fikrincə, bugün Xocalıya ədalət onu törədənlərin cəzalandırılmasıdır: “Əminəm ki, Xocalıya ədalət, həm də Qarabağdan, Xocalıdan evlərindən qaçqın düşənlərin öz doğma yurdlarına qayıtması, Azərbaycanın bu ərazilərdə tam dövlət hakimiyyətini bərpa etməsidir. O ki qaldı, Xocalı faciəsinə hüquqi qiymətin verilməsinə, bu qiymət ilk növbədə Azərbaycan tərəfindən verilib. Bu, ən vacibidir. O ki qaldı beynəlxalq təşkilatlara, bilirsiz ki, dünyada erməni lobbisi çox güclüdür və onlar çox çalışırlar ki, bu faciəyə hüquqi qiymət verilməsin. Bizim ölkəmizdə də erməni diasporunun təsiri güclüdür. Hesab edirəm ki, Rusiya da bu faciəyə hüquqi qiymət verməlidir və bu, soyqırımı cinayəti kimi xarakterizə edilməlidir. Ona görə ki, Xocalıda baş verənlər əvvəlcədən hazırlanmış, çox yaxşı təşkil edilmiş cinayət, dinc əhalinin açıq-aydın siyasi məqsədlərlə kütləvi qətlə yetirilməsidir. Bütün bunlar soyqırımı cinayətinin elementləridir”.

//APA