“Hesab edirəm ki, sülhməramlılar artıq indidən kiçik təxribatlar törətməyə başlayıblar”.
Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli bildirib.

Onun sözlərinə görə, jurnalistlərimizə qarşı artıq neçə gündür ki, çəkilişlərin edilməsində süni əngəllər yaradılır, son olaraq da səsgücləndiricilərin gətirilməsi daha böyük təxribatın bir hissəsidir:
“Çünki ermənilər qətiyyətlə rus sülhməramlılarının “hərəkətə keçməsini” tələb edir və rusların bu hərəkətsizliyi onların nəzdində imicinə zərbə vurur. Artıq bir neçə Ermənistan müxalifət partiya liderləri rus sülhməramlıların yerinə , Fransa və ABŞ-ın sülhməramlı qüvvələrini regiona gətirmək barədə fikirlər səsləndirirlər. Bütün bunların fonunda rusların təxribata əlatma ehtimalını yüksək hesab edirəm .
Ancaq ruslar da anlayırlar ki, onların müdaxilə etmələri üçün ciddi bir səbəb olmalıdır. Belə bir səbəb ermənilərin aksiyaya müdaxilə etməsi və yaxud hər hansı bir qarşıdurmanın baş verməsi halında yarana bilər. Bu səbəbdən bütün bunları nəzərə alaraq, Azərbaycan höküməti də öz növbəsində ciddi addımlar atmalıdır. Həmin aksiyada iştirak edənlərə təxribatlara uymamağa və daha diqqətli olmalarını izah etmək lazımdır. Hətta yaxşı olardı ki, milli siyasi partiyaların nümayəndələri də bu aksiyalarda iştirak etsin. Çünki bu çox təəssüf ki siyasi təcrübəsi olmayanların bəzi hərəkətləri həm Azərbaycan, həm də erməni sosial şəbəkələrində son günlərdə trendə çevrilə bilər. Gələcəkdə belə halların baş verməməsi üçün mütləq şəkildə təcrübəli dövlət nümayəndələri belə aksiyalarda olmalı və yerindəcə müəyyən təlimat xarakterli göstərişlər verməlidirlər. Ancaq bu aksiyanın hazırda bizim dövlət maraqlarımıza cavab verdiyini düşünürəm və dəstəkləyirəm. Xırda nüansları çıxmaq şərti ilə, ümumilikdə uğurlu hesab edirəm”.
//Safura Bənnayeva, Editor.az

