Rusiyanın Yekaterinburq şəhərində Səfərovlar ailəsinin başına gətirilənlər yaddaşımıza həkk olunmuş Xocalı soyqırımını xatırladır. 1990-cı illərdə bizi ermənilərin əli ilə qıran Moskva, bu gün eyni siyasəti “qanun keşikçisi” adı altında yetişdirdiyi rus polisi hesabına davam etdirir. Fərqli dövr, eyni düşüncə, eyni niyyət: azərbaycanlıları və bir zaman SSRİ tərkibində olan xalqları əzmək, qorxutmaq, susdurmaq.
Təəssüf ki, hər ölkənin iqtisadi problemləri olduğu kimi, bizdə də çatışmayan məsələlər var. Bu səbəbdən də bir çox vətəndaşlarımız çalışmaq üçün xarici ölkələrə, eləcə də Rusiyaya üz tutur. Təbii ki, ruslar da yağ-bal içində yaşamadıqları üçün Avropaya gedirlər.
Keçək əsas məsələyə. Azərbaycanda hazırda təxminən 120 min rus yaşayır. Biz bu insanlara nə 20 Yanvar faciəsi zamanı, nə Birinci Qarabağ müharibəsində, nə də 44 günlük Vətən savaşından sonra bircə kəlmə belə “gözün üstə qaşın var” dedik. Onlara qarşı ayrı-seçkilik olmadı, təzyiq göstərilmədi. Əksinə, xalqımızın, hökumətimizin tolerantlığı, dözümlülüyü və insani dəyərlərə verdiyi önəm bir daha özünü göstərdi.
Amma mövcud humanist davranışın qarşılığında bu gün Rusiyada yaşayan azərbaycanlılara qarşı məqsədli və aşağılayıcı münasibət sərgilənir. İstər Səfərovlar ailəsinin, istərsə də digər soydaşlarımızın başına gətirilənlər bunu bir daha sübut edir. Maraqlıdır ki, 5 azərbaycanlını qətlə yetirməklə sakitləşməyən rus polisi indi də küçə ticarəti ilə məşğul olan azərbaycanlılara qarşı iyrənc addımlar atır, işləməyə imkan vermir. Razılaşmayan, mübahisə edən həmyerlilərimizin məhsullarını isə zibilliyə atırlar. Təkcə məhsullarının zibilliyə atılması yox, özlərinin döyülməsi, təhqir olunması, “qanun” adı altında bölmələrə aparılması prosesi həyata keçirilir. Bu, açıq mesajdır: “Azərbaycanlısansa, haqqını tələb etmə”. Hamımız da yaxşı bilirik ki, onların başına gətirilənlər sadəcə hüquq pozuntusu deyil, etnik və siyasi motivli təzyiq kampaniyasıdır. Səfərovlar ailəsinin yaşadıqları da bu siyasətin bariz nümunəsidir.
Bu hadisədən sonra qətlə yetirilən şəxslərin qardaşı, ədəbiyyatşünas Seyfəddin Hüseynli ilə söhbətim zamanı öyrəndim ki, onun qardaşları Azərbaycan diasporunun fəal üzvləridir. Bu detal sanki bütün mənzərəni tamamladı. Belə aydın oldu ki, bu, artıq fərdi deyil, planlı şəkildə həyata keçirilən siyasi intiqam aktıdır.
Rusiyanın 2020-ci ildə – Qarabağ zəfərimizdən sonra həyata keçirdiyi bəzi addımlar əslində, bunu açıq şəkildə göstərmişdi. Əvvəlcə bölgəyə (Xankəndiyə) yerləşdirdiyi sülhməramlılarla öz maraqlarını təmin etməyə çalışdı, ardınca “səhvən” təyyarəmizi vurdular (Qroznı), indi isə “diaspor fəalı” adı ilə seçilən şəxslərə qarşı fiziki və mənəvi işgəncələr tətbiq edirlər (Yekaterinburq). Belə demək mümkünsə, Rusiya azərbaycanlılara 3 şəhərdə – Xankəndi, Qroznı və Yekaterinburqda hücum etdi.
Bu nə deməkdir? Bu, Putin rejiminin arzularının dağılması qarşısında yaşadığı isterik reaksiyadır. Qarabağ kimi əhəmiyyətli bir bölgənin azad edilməsi təkcə Ermənistanın, onun qardaş və bacılarının deyil, Moskvanın da planlarını alt-üst etdi. Vladimir Putin də daxil olmaqla onlar sanki oyuncağı əlindən alınmış uşaq kimi davrandılar – ağlayaraq, qəzəblənərək, qarşı tərəfi cəzalandırmağa çalışaraq…
Hazırda Rusiyada çalışan minlərlə azərbaycanlı arasında xırda ticarətlə ailəsini dolandırmaq üçün zəhmət çəkənlər hədəf seçilib. Polis onların mallarını yerə atır, cərimələyir, fiziki təzyiqlər göstərir. Əgər etiraz etsələr, bölməyə aparılacaq, döyülüb, aşağılanacaqlar. Bu, etnik nifrətə əsaslanan siyasi terrordur. Bir müddət öncə eyni hadisələr qırğızların, taciklərin, özbəklərin də başına gətirilirdi.
Putin rejimi bu davranışlarla, nəinki, Azərbaycan xalqını, ümumiyyətlə, postsovet məkanındakı heç bir xalqı özünə dost kimi saxlayacaq gücdə olmadığını göstərir. Amma artıq 90-cı illərin Azərbaycanı yoxdur. Xalqımız haqqını tanıyır, haqqını tələb etməyi də bacarır.
Səfərovların başına gətirilən soyqırımı bir ailəyə qarşı deyil, bütöv Azərbaycana qarşı törədilib. Biz bu hadisəni unutmamalıyıq. Fikrimizcə, dövlətimiz və diaspor təşkilatlarımız bu məsələni beynəlxalq səviyyədə gündəmdə saxlamalı, hüquqi və siyasi addımlar atmalıdır. Çünki susmaq – razılaşmaq deməkdir. Biz susmamalıyıq!
Globalinfo.az