Rusiyanın Bakı ilə razılaşmaqdan başqa yolu qalmır – İran aciz durumdabackend

Rusiyanın Bakı ilə razılaşmaqdan başqa yolu qalmır – İran aciz durumda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyətin Ermənistan cəmiyyətində yaratdığı şok və fəsadları müharibənin bitməsindən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də özünü biruzə verməkdədir. Müharibə zamanı ordudakı kütləvi fərarilikdən tutmuş dövlət, ordu və cəmiyyət olaraq ermənilərin öz barələrində indiyə qədər yaratdıqları miflərin puça çıxması faktına qədər bir çox amillər böyük xəyal qırıqlığı yaşayan erməniləri acı reallıqla üz-üzə qoyub. 

Artıq iş o yerə çatıb ki, müharibədən bu yana həftələr öncəyə kimi revanşist bəyanatlar səsləndirən erməni deputatlar, siyasət adamları, ictimaiyyət nümayəndələri Azərbaycan ilə kompromisə gəlməyin əhəmiyyətindən danışmağa başlayıblar. Demək ki, Azərbaycan postkonflik dövrünün reallıqlarına uyğun olaraq, prosesləri düzgün dəyərləndirərək zamandan doğru istifadə etməklə istəyinə doğru addımlayır. Biz bunu son proseslərdən də müşahidə edə bilərik.

Baxmayaraq ki, cənub qonşumuz, “din qardaşımız” adlandırığım İran çox çalışdı ki, Ermənistanın ikinci ağasına çevrilsin və İrəvanı Bakı ilə danışıqlardan qoparsın. Amma Rusiya həm XİN rəhbərlərinin (Abdullahian-Lavrov görüşü) Moskva görüşündə, həm də dövlət başçısı səviyyəsində çıxışlarında bildirdi ki, Ermənistanın bir ağası olmalıdır, o da Rusiya olmalıdır. Məhz elə rusiyalı rəsmilərin açıqlamaları bundan xəbər verir. Putinin sərhədlə bağlı Valday forumu zamanı açıqlamalarına diqqət yetirdikdə, hər şey aydın olur.

Putinin çıxışındakı ən vacib məqamlardan biri Ermənistan-Azərbaycan sərhədyanı probleminin həll olunması ilə bağlı dedikləri idi: “Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər, İndi ən vacib şey sərhəddəki vəziyyəti həll etməkdir. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil. İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”. Putin bununla həm də Azərbaycan-Ermənistan sərhədində baş verənlərə müdaxilə etməyə cəhd edən Qərb ölkələrinə, Fransa və ABŞ-la yanaşı Tehrana da çox ciddi mesaj göndərmiş oldu. Kreml rəhbərinin də sözündən anlaşıldı ki, bu məsələdə Rusiya yanında ikinci bir vasitəçi görmək istəmir. Putin bunun arqumentini də ortaya qoydu. Çünki SSRİ-dən qalan xəritələr Rusiyadadır. Nə İranda, nə də digər bir ölkədə həmin xəritələr mövcud deyil.

Rusiya dövlət başçısının bu açıqlaması eyni zamanda Ermənistana da bir mesajdır ki, özünüzə ikinci ağa axtarmayın, yerinizi bilin, sizin sahibiniz bizik. Bununla Rusiya İrana “sən gəlib mənim başım üzərindən Ermənistana ağalıq edə bilməzsən” mesajı göndərdi. İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik həm də Ermənistana böyük zərbə oldu. Ermənistanı üçüncü tərəflərin dəstəyi ilə Azərbaycanın suveren ərazilərinə müdaxilə etmək imkanından məhrum oldu. Ermənistanın İranla dəhliz yaratmaq və iqtisadi kooperasiyanı daha da inkişaf etdirmək cəhdləri iflasa uğradı. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, cəsarətli, prinsipial, milli maraqlara hesablanmış siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları onun üçün bütün məsələlərdən üstündür və heç bir qüvvə onu geri çəkilməyə məcbur edə bilməz.

İndi biz əgər Ermənistanla danışıqları intensivləşdirsək, Zəngəzur dəhlizi məsələsi reallaşsa, İranın bu siyasti də əslində tamamilə iflasa uğrayacaq. Necə ki, artıq buna doğru gedir. İran prezidenti İbrahim Rəisi ölkənin Qərbi və Şərqi Azərbaycan vilayətlərinin nümayəndələri ilə parlamentdə təcili görüşü rəsmi Tehranın Azərbaycana qarşı son zamanlardakı siyasi ritorikasında dəyişikliyin olacağından xəbər verirdi. Rəisinin bu görüş zamanı mehriban qonşuluq, iqtisadi və ticari əlaqələr, habelə sərhədyanı bazarların fəallaşdırılması kimi məsələlərə daha çox yer ayırması İranın Azərbaycanla təhdid dilində danışmağın bir fayda vermədiyini anladığını göstərdi.

Bunu təsdiq edəcək digər bir fatkt: “İran İslam Respublikası ilə Azərbaycan Respublikası müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkələrdir. İki dövlət və xalq arasındakı münasibətlər qarşılıqlı hörmətə və ehtirama əsaslanaraq davam edəcək” sözlərini də məhz ötən gün həftələr öncə Azərbaycana aqressiya, təhdid dolu ardı-arası kəsilməyən mesajlar göndərən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün tviter hesabında yazıb. Rəsmi Tehranın Bakı qarşısında geri addım atdığı açıq-aydın göz önündədir. Lakin şübhəsiz ki, İran tərəfi bu bəyanatlarda səmimi görünmür. 44 günlük müharibənin bölgədə yaratdığı yeni reallığı Ermənistan kimi gec-tez qəbul etməyə başladığını göstərən Tehran rəsmiləri də bu açıqlamalarında tam səmimi deyillər. Və o da Bakıya çox yaxşı aydındır ki, ilk fürsətdəcə Azərbaycana qarşı təzyiq və təhdid dili ilə danışacaq iki ölkədən biri də məhz İran ola bilər.

Gələk yenidən Kreml rəhbərinin açıqlamalarına… Putinin “Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər” açıqlamasından sonra Ermənistanda yayılan iddiaların da ardı-arası kəsilmir. Belə ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, Rusiyanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında 9 noyabr tarixində iki strateji sənəd imzalanacaq. Mənbə qeyd edir ki, sənədlər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də Zəngəzur dəhlizi ilə bağlıdır. Məlumata görə, sərhədlərin delimitasiyası sovet dövrünün xəritələri əsasında həll ediləcək. Erməni KİV-i onu da iddia edir ki,  Azərbaycan və Ermənistan arasında delimitasiyası və demarkasiya prosesi – SSRİ respublikaları arasındakı 1920-ci il sərhədləri əsasında həll edə bilər.

Əslində, müharibənin başa çatmasının ildönümündə hansısa irəliləyişlərin olacağı istisna edilmir. Proseslərin inkişafı, regiondakı siyasi situasiya belə düşünməyə əsas yaradır. Ermənistan hakimiyyətinin dəyişən mövqeyi, İlham Əliyevin və Putinin son açıqlamaları gözləntiləri daha da artırır. 9 noyabrda Kremldə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçiriləcəyi iddiaları reallaşarsa, Kreml məsələyə müdaxilə etməyə çalışan Qərbə, ABŞ-a və İrana mesaj göndərmiş olacaq ki, “proses Kremlin nəzarətindədir”, həm də demək istəyir ki, “məsələni həll edə biləcək tək ölkə Rusiyadır”. İstənilən halda hadisələrin bu cür gedişi rəsmi Bakının lehinədir. Rusiyanın öz nüfuzunu, regiondakı varlığını qoruyub saxlamaq üçün 10 noyabr üçtərəfli bəyanatının icrasından yaxşı imkan ola bilməz. Rusiyadan səsləndirilən son açıqlamalar da onu göstərir ki, Moskva bunu çox yaxşı anlayır.

milli.az

Loading...