BMT Baş Assambleyası Rusiyanın BMT İnsan Haqları Şurasında üzvlüyünü dayandırıb.
Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb. Editor.az-ın verdiyi xəbərə görə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba xəbəri şərh edərkən belə deyib: “Rusiyanın BMT İnsan Haqları Şurasına üzvlük hüququ indicə dayandırılıb.
Hərbi cinayətkarlara BMT-nin insan haqları qurumlarında yer yoxdur”. “Mən BMT Baş Assambleyasının müvafiq qətnaməsini dəstəkləyən və tarixin düzgün tərəfini seçən bütün üzv dövlətlərə minnətdaram”, – deyə nazir əlavə edib. Bundan əvvəl isə Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasında Rusiya Federasiyasının vəhşilikləri barədə çıxış edərək, təcavüzkarı sülhə məcbur etməyə və ya özünü buraxmağa çağırmışdı.
Zelenski qeyd edib ki, əgər BMT fəaliyyətini dayandırmağa hazır deyilsə, o zaman dərhal hərəkətə keçməli və BMT nizamnaməsinin gücünü geri qaytarmalıdır. BMT sistemində islahatlar aparmaq lazımdır ki, veto hüququ ölüm, güc hüququna çevrilməsin. O, vurğulayıb ki, Rusiya dövlət səviyyəsində nifrəti dəstəkləyir və onu öz təbliğat sistemi və siyasi korrupsiyasının köməyi ilə başqa dövlətlərə ixrac etməyə və qlobal ərzaq böhranının baş verməsinə çalışır ki, bu da istər-istəməz Afrika və Asiya dövlətlərində aclığa səbəb ola bilər.

