“Azərbaycan və Ermənistan arasında Brüssel görüşündən sonra Rusiya prezidenti V. Putinin N. Paşinyana zəngi, həmçinin S. Lavrovla A. Mirzoyanın Moskva görüşündə verilən mesajlar Kreml tərəfindən prosesin sabotaj edilməsinə hesablanıb”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi analitikin sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh danışıqlarının, sərhədlərin delimitasiya və demakrasiyası üzrə komissiyanın yaradılmasına qarşıdır:
“Moskva çalışır ki, iki ölkə arasında birbaşa təmaslar olmasın və proses yalnız onun vasitəçiliyi ilə davam etsin. Bu da prosesin müddətsiz uzanmasına gətirib çıxarır. Bu reallıqla Azərbaycan razılaşmayacaq. Həmçinin Türkiyə də Rusiyanın nəticəsiz “vasitəçiliyini” qəbul etməyəcək. Məhz Kreml Brüssel görüşündə əldə olunan razılaşmaların Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməsində maraqlıdır. Buna görə Rusiya Ermənistana ciddi təzyiqlər edir”.
Siyasi şərhçi hesab edir ki, Rusiyanın bu siyasəti nəticə verməyəcək:
“Brüssel razılaşmalarının yerinə yetirilməməsi üçün N. Paşinyan Moskvanın təzyiqlərini qəbul etməyəcək. Aprelin sonuna kimi sərhədlərin delimitasiya və demarkasiyası üçün ikitərəfli komissiya baş tutmasa, bu İrəvanın əleyhinə olacaq. Rusiya rəhbərliyi növbəti dəfə Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşünü təşkil edə bilər. Ukrayna müharibəsi fonunda təzyiqlərlə üzləşən Rusiya Ermənistana təzyiq edib sülh müqaviləsinin bağlanmasına töhfə verərsə, Cənubi Qafqazda öz imicini bərpa edə bilər. 19 əsr siyasəti yürüdən Putindən bunu gözləmək sadəlövhlük olar”.
//Gülnarə Abasova, Editor.az

