Rusiyanın bu tələbləri absurddur: “Rəsmi Moskva bu şərtlə sülh istəyir ki…”backend

Rusiyanın bu tələbləri absurddur: “Rəsmi Moskva bu şərtlə sülh istəyir ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident Vladimir Putinin verdiyi açıqlamalar böyük ölçüdə absurd xarakteri daşıyır və Kremlin imperiya eqosundan qaynaqlanır. Bu açıqlamalar onu göstərir ki, Rusiyanın beynəlxalq hüquq normaları çərçivəsində sülh sazişi imzalamaq niyyəti yoxdur. Rusiya öz şərtləri daxilində sülh sazişinə cəhd göstərir. Rusiyanın da şərtləri daxilində Ukraynanın sülhə imza atması onun kapitulyasiya aktı imzalaması anlamına gəlir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Rusiyanın şərtləri Ukraynanın tamamilə nəzarətə alınmasına yönəlib:

“Rusiya demək olar ki, Ukraynanı bütövlükdə təsir dairəsinə salmağa can atır. Müharibəni doğuran səbəblər tezisi də məhz buna hesablanıb. Çünki müharibəni doğuran əsas səbəblərdən biri ondan ibarət idi ki, Rusiya Ukraynaya qoşun yeritmək üçün rəsmi Kiyevin NATO-ya üzvlük niyyətini bəhanə gətirmişdi. Eyni zamanda, Ukrayna da Rusiyanın maraqlarına xidmət etməyən hakimiyyətin olduğunu ön plana çəkmişdi. Halbuki Ukraynada Rusiyanın maraqlarına xidmət edən hakimiyyətin olması qətiyyən vacib deyil. Ukraynada hakimiyyət öz dövlətinin maraqlarına xidmət etməlidir. Digər tərəfdən rusdilli əhalinin qorunması, yaxud da onların rus dilində danışmasına şəraitin yaradılması ilə bağlı tələblər də absurddur. Çünki Ukraynada dövlət dili Ukrayna dilidir və orada yaşayan hər bir vətəndaşın öz dilində danışması lazımdır”.

Politoloq bildirib ki, Ukraynada yaşayan rusdilli əhalinin ayrıca bir təbəqə kimi qorunması ilə bağlı tələblər absurddur:

“Çünki Ukraynada hansısa etnik qrupun və ya milli qruplaşmanın hüquqlarından söhbət gedə bilməz. Ukraynada bütün insanların, ölkə vətəndaşlarının milliyətindən aslı olmayaraq hüquqlarının müdafiəsinin təmin olunması vacibdir. Ayrıca rusdilli əhali üçün əqli hüquqlar və ya həyat standartları müəyyənləşdirmək yolverilməzdir. Eyni zamanda, Ukraynadakı rusdilli əhalinin Rusiyanı öz vətənləri hesab etmələri ilə bağlı iddialar da absurddur. Əgər Ukraynada hansısa rusdilli şəxs Rusiyanı öz vətəni hesab edirsə, o zaman Rusiyaya köçüb orada yaşamalıdır. Ukraynada yaşayan milliyyətindən aslı olmayan hər bir şəxs Ukrayna vətəndaşı olaraq öz ölkəsinin qanunvericiliyi çərçivəsində yaşaması beynəlxalq hüquq normalarının da tələbidir. Bütün bunlar onu göstərir ki, Kremldə hələ də siyasi manipulyasiyalarla məşğuldurlar və hədəfləri ABŞ-ın böyük güzəştlər daşıyan təklifləri yaxud da Ukraynanın edə biləcəyi güzəştlər şəraitində deyil, məhz Rusiyanın maksimalis imperiya eqosuna bağlı tələbləri, yaxud da hədəfləri çərçivəsində sülh sazişi adı altında kapitulyasiya aktı imzalatmağa cəhd göstərməsi ilə bağlıdır. Bunlar o məna verir ki, Rusiyaya sülh lazımdır ancaq o, bu sülhü Ukraynanın təslim olması, nəzarəti altına keçməsi şərtləri daxilində reallaşdırmağa cəhd göstərir. Bu da nə Ukrayna , nə də beynəlxalq siyasi sistem tərəfindən qəbul oluna biləcək bir məsələ deyil”.

//Gülnarə Abasova, Editor.az