Rusiyanın dəqiq mövqeyi Moskvada keçiriləcək üçtərəfli görüşdə müəyyənləşəcək- DETALLARbackend

Rusiyanın dəqiq mövqeyi Moskvada keçiriləcək üçtərəfli görüşdə müəyyənləşəcək- DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Regionda hərbi-siyasi balansı sürətlə və qəti olaraq Azərbaycanın xeyrinə dəyişən 44 günlük savaşın təsir və nəticələri hələ uzun müddət Cənubi Qafqazın gələcək taleyində dominant rol oynayacaqdır .Ermənistanın 10 noyabr kapitulyasiyasından sonra ordumuzun Ağdam,Kəlbəcər və Laçın rayonlarına nəzarəti ələ keçirməsi, Xankəndi-Laçın yolu üzərində ermənilər tərəfindən qeyri-qanuni şəkildə məskunlaşdırılmış şəhər və kəndlərin azad edilməsi, Qarabağın strateji yüksəkliklərinə hakim olmağımız və nəhayət Ermənistanla sərhəddə, sərhəd keçid postunun qoyulması dövlətimizin hərbi-siyası,diplomatik sferada böyük uğurudur. Bütün bu geopolitik paradiqmalar Ermənistanda və Qarabağda separatçılar arasında dərin sosial-siyasi və mənəvi-psixoloji böhran yaratdı”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloqun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan belə bir ağır durumda erməni cəmiyyətinə izah etməyə çalışır ki, dəyişən dünya şərtləri fonunda nəinki qonşulara qarşı ərazi iddialarını gerçəkləşdirmək, heç Ermənistanın özünü belə qorumaq mümkün deyil:

” Paşinyan anlayır ki, Ermənistanın çığallığı və günahı ucbatından çıxacaq bir savaş onların sonu olacaq.Yəni, Ermənistanın beynəlxalq siyasi mərkəzlərdə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi və sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirməsi heç də Ermənistanın sülhpərvər siyasətindən irəli gəlmir,tam əksinə,bu sülh müqaviləsinin imzalanmayacağı təqdirdə onları gözləyən fəlakətlərin fərqində olduqlarının göstərgəsidir. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında vasitəçi qismində çıxış edən Vaşinqton, Brüssel kimi siyasi mərkəzlərin Azərbaycanın tezislərindən çıxış etmələri, rəsmi Moskvanın da Vaşinqton-Brüssel xəttinə loyal yanaşması prosesin yaxın zaman kəsiyində nəticə verəcəyinə ümid yaradır. Düşünürəm ki, Rusiyanın dəqiq mövqeyi 25 mayda Moskvada keçiriləcək üçtərəfli görüşdə yəqinləşəcək”.

F. Məhərrəmli Cənubi Qafqazda Ermənistan üzərindən təsir rıçaqları əldə etmək istəyən İranın sabitliyi pozmağa cəhdlərini də diqqətə çəkib:

” Son otuz ildə münaqişənin sonlandırılması gündəmə gəldiyi zaman İrəvanda dövlət çevrilişindən tutmuş, parlamentin gülləboran edilməsinə qədər bir çox qanlı hadisələr olmuşdur. Bir neçə gün əvvəl Ermənistan paytaxtında baş nazirin oğlunun qaçırılmasına cəhd göstərilməsi, keçmişdə baş vermiş qorxunc ssenarilərin təkrarlanması ehtimalını yaradır ki,bu da Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün heç də arzu olunan hadisə deyil. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda, Azərbaycanın liderliyində yeni dövrün əsasını qoya bilər ki,bundan da bütün region dövlətləri və xalqları faydalana bilər”.

//Gülnarə Abasova, Editor.az