Editor.az Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ilə müsahibəsini təqdim edir:
-Məlumdur ki, son günlərdə Ermənistan və Rusiya arasında münasibətlər bir qədər gərginləşib. Hansı ki, Ermənistanın ABŞ-la hərbi təlim keçməsi Rusiyanı narahat etməyə başlayıb. Sizcə, Rusiyanın Ermənistana qarşı siyasəti dəyişib?
-Son zamanlar Rəsmi İrəvanın atdığı addımlar səbəbindən Moskva antiErmənistan mövqeyini sərgiləyir. Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərdə artıq Rusiyaya arxalana bilməyəcəklərini vurğulayıb. Bu yolla baş nazir fikirlərimizi bir daha təsdiq edir ki, Ermənistan suveren, müstəqil dövlət deyil. Onun təhlükəsizliyini digər dövlətlər təmin edir. Bu, reallıqdır. Nikol Paşinyan rus sülhməramlılarını öz vəzifələrini yerinə yetirə bilməməkdə günahlandırır. Eyni zamanda, Anna Akopyan da Ukraynaya humanitar yardım aparır. Onu da xatırladım ki, ötən il aprel ayında Ermənistan Rusiyaya hərbi yardım edərək 4 “Su-30” qırıcı təyyarəsini vermişdi. Digər tərəfdən də Rusiyanın ən əsas düşməni olan ABŞ-la hərbi təlimlər keçirir, KTMT-yə qarşı mövqe ortaya qoyur. Ən əsas antiRusiya addımlarından biri də Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan konstitusiya məhkəməsi Roma statusunu təsdiqləmək üçün parlamentə göndərməsidir. Onun təsdiqlənməsi sıradan addım deyil. Roma statusuna görə Beynəlxalq Cinayət Məhkəməsi bu ilin mart ayında Vladimir Putini Ukraynada baş verən proseslərə görə həbsinə qərar verib. Həmin qərarı təsdiq edən 124 dövlətin ərazisində saxlanılsa, Putin həbs olunmalıdır. Ermənistan da bunu təsdiq etmək istəyir. Nikol Paşinyan zamanında onu hakimiyyətə gətirən Qərb qüvvələri vasitəsilə prosesi sürətləndirməyə çalışır.
–Bəs sizcə, Rusiya bu yanaşmaya susqunluq nümayiş etdirəcək?
-Təbii ki, Rusiya buna müşahidəçi qismində qalmayacaq və Ermənistana qarşı açıq mövqe ortaya qoyacaq. Bu gün Ermənistan adı, dövlətçiliyi və hər şey üçün Rusiyaya borcludur. Hazırda siyasi, iqtisadi və digər sahələrdə də rəsmi Moskvadan asılı vəziyyətdədir. Bu proseslərin reallaşması onu deməyə əsas verir ki, Ermənistan qərb qüvvələri və Aİ missiyası ilə birləşərək Rusiyaya qarşı mövqe qoyur. Qərb qüvvələrinin də mövqeyi rəsmi Moskvanın mümkün qədər zəifləməsindən ibarətdir. Azərbaycan isə Cənubi Qafqazda sülhün tərəfdarıdır.
-Digər tərəfdən də Ermənistanda Paşinyan hakimiyyətinin devrilməsi ilə bağlı fikirlər mövcuddur. Sizcə, Rusiya belə bir addım ata bilərmi?
-Hesab edirəm ki, Rusiya onsuz da Paşinyanı əvvəldən qəbul etmir. Sadəcə hazırkı vəziyyəti nəzərə alaraq dözümlülük nümayiş etdirir. Lakin son vaxtlarda rəsmi İrəvanın atdığı addımlar Rusiyanı hərəkətə keçməyə vadar edir. Hazırkı məqamda rəsmi Moskva Paşinyanı hakimiyyətdən salmaq üçün tədbirlər görür. Məlumdur ki, Ermistanda cinayətkar üzvlərin yenidən hakimiyyətə gəlməsi üçün real mənzərə yoxdur. Ermənistan cəmiyyətində Nikol Paşinyana nə qədər məğlub baş nazir kimi baxılsa da onun sələfləri heç Paşinyan qədər nüfuza malik deyil. Bu amili nəzərə alan Rusiya hazırda Nikolun nüfuzdan salınmasına doğru addımlar atacaq. Məqam yetişdikdə isə özlərinə uyğun kadrın hakimiyyətə gəlməsi üçün çalışacaqlar.
//Safura Bənnayeva, Editor.az