“Rusiya təqribən hər gün AB ölkələrinə 4.5-5 milyon barelə yaxın neft satırdı. İndiki neft qiymətlərini nəzərə alsaq bu, kifayət qədər yüksək həcmdir. Nəticə etibarilə, hər gün 400-500 milyon dollarlıq neft satışı həyata keçirilirdi”.
Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, müharibə başlayandan bəri Aİ ölkələri Rusiyadan təqribən 60 milyard dollarlıq neft-qaz idxalını həyata keçirib:
” Rusiyaya qarşı neft embarqosunun tətbiqi çox asan olmayacaq. Çünki bəzi Aİ ölkələri bundan narazıdırlar. Məsələn Macarıstanın neftə olan tələbatının 60 faizdən çoxu Rusiya tərəfindən təmin edilir. Ona görə də Macarıstan bu məsələyə isti baxmır, hətta əksinə embarqonun olmasının problemlər yarada biləcəyini söyləyir. Amma ümumi bir razılıq var ki, Rusiyadan neft alışı getdikcə azalsın. Bu da Rusiya iqtisadiyyatı üçün növbəti zərbədir. Çünki Rusiya iqtisadiyyatının böyük bir hissəsi neft-qaz gəlirlərindən aslıdır. Neftin satışının azalması təbii olaraq neft gəlirlərinin də azalmasına səbəb olan əsas amillərdən birinə çevriləcək. Nəticə etibarilə bu, Rusiya iqtisadiyyatında növbəti problemlər dalğasının yaranmasına gətirib çıxaracaq. Rusiyanın hal-hazırda ümidi Hindistan və Çinin neft alışını artırmasınadır. Rusiya neft alışı ilə bağlı böyük endirim kampaniyaları da elan edib. Məsələn, may ayı üçün bazardan 29 dollar ucuzu neft satışını həyata keçirəcəyini bildirib. Yəni, müəyyən itkilər olsa da Moskva Hindistana və Çinə daha çox neft satışı həyata keçirtməklə vəziyyətdən çıxmağa çalışacaq”.
//Gülnarə Abasova, Editor.az

