İddialara görə, Rusiya Fransa prezidenti Emmanuel Makronu avantürist və Rusiya Federasiyası ilə Qərb arasında münaqişənin kəskinləşməsinin təşəbbüskarı kimi qələmə verməklə onu nüfuzdan salmağı planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə Kremlin daxili rəsmi sənədini əldə etdiyi iddia edilən Amerikanın Wall Street Journal (WSJ) nəşri məlumat yayıb. “Sənəddə deyilir ki, kampaniya Makronu Qərb və Rusiya arasında hərbi münaqişəyə səbəb ola biləcək macəraçı kimi təsvir etmək məqsədi daşıyır”, – WSJ bildirib.
Fevralın sonunda Makron NATO qoşunlarının Ukraynaya yerləşdirilməsinə icazə verib. Daha sonra o, Parisin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini təsdiqləyib. Onun sözlərinə görə, hazırda Kiyevə kömək etmək üçün “qırmızı xətlər, məhdudiyyətlər yoxdur”. WSJ yazır ki, Fransa bununla da Almaniya və ABŞ-ı Ukrayna münaqişəsində iştirak limitlərini dərc etməyi dayandırmağa inandırmağa çalışıb.
//Gülnarə Abasova, Editor.az

