Rusiyanın “ÖLÜM MƏLƏYİ” qapısına çatdı – Azərbaycanın ardınca Qazaxıstan da…backend

Rusiyanın “ÖLÜM MƏLƏYİ” qapısına çatdı – Azərbaycanın ardınca Qazaxıstan da…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın son dönəmlər Cənubi Qafqazdakı aktivliyinin daha da artdığı nəzərəçarpacaq dərəcədədir. Hətta bu gün ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni təyin etdiyi baş müşaviri Lui Bononun Bakı səfəri və Prezident İlham Əliyevlə görüşü də bu deyilənlərin növbəti sübutudur. 

Vaşinqtonun məqsədi su kimi aydındır. ABŞ-ın Ukraynaya göndərəcəyi çoxdan gözlənilən hərbi texnik karvanının artıq Polşanın “Gdynia” limanına çatması bu məsələdə hər hansı bir qaranlıq məqamın qalmasına imkan vermir. İstisna edilmir ki, milyardlarla dollar dəyəri olan bu ucsuz-bucaqsız yüksək dəqiqliyə malik hərbi texnika karvanı bir neçə günə Ukrayna müharibəsində “rus ovu”na çıxacaq.

Amerika hər vəchlə çalışır ki, Rusiyaya mümkün qədər çox zərbə vursun, şimal qonşumuzun immunitetini xeyli aşağı salsın. Biz bunu Amerikanın təkcə Cənubi Qafqaz və artıq bir ili tamam olan Ukrayna müharibəsi fonunda yox, artıq eyni zamanda Vaşinqtonun Mərkəzi Asiya siyasətində də açıq şəkildə görə bilərik.

Hər kəsə məlumdur ki, 2022-ci il keçmiş Sovet Sosialist Respublikaları İttifaqının təsis olunmasının 100-cü ildönümü idi. Kreml rəhbərinin simvolik, sakral tarixlərə, numerologiyaya önəm verən lider olduğu məlumdur. Əgər hərbi əməliyyat onun planlaşdırdığı kimi getsəydi və Ukraynanı Rusiya öz orbitinə qaytarmağa müəssər olsaydı, bu hadisə və ümumən 2022-ci il Putinin triumfu kimi tarixdə qalacaqdı.

Sən saydığını say, gör Ağ Ev nə planlaşdırır…

Müharibənin ilk günlərində Kremldə düşünürdülər ki, Ukraynanın Kremlin iradəsinə tabe etdirilməsindən sonra digər postsovet ölkələrinin də başqa yolu qalmayacaq və beləliklə, 100-cü ildönümdə Putin geosiyasi fəlakət adlandırdığı hadisənin (SSRİ-nin dağılmasının) nəticələrini aradan qaldırmış olacaqdı. Əslində elə Ukraynaya hücum əmri verən Kreml “əmrinin” də əsas məqsədlərindən biri bu idi.

Amma Kollektiv Qərb və ABŞ Rusiyanın bu məqsədlərinə mane olan əsas fiqur kimi meydana çıxdı və bu gün Moskvanın hesaba qatmadığı məsələləri də işə salaraq Rusiyanın meydandan silinməsi üçün çox məharətlə istifadə etməkdədir. ABŞ dövlət katibi Blinken bu həftə Mərkəzi Asiyaya səfəri və bu səfər çərçivəsində onun Qazaxıstan və Özbəkistana gedişi deyilənlərin bariz nümunəsidir.

Vaşinqton eyni anda bir neçə hədəfi nişan aldı

Qazaxıstanda Mərkəzi Asiyanın beş ölkəsinin xarici işlər naziri ilə görüşən Blinkenin bu səfərini region dövlətlərinin son 2 il ərzində baş verən proseslər fonunda Rusiyaya o yerlərdə münasibətin hansı vəziyyətdə olduğunu yoxlamaq adına olduqca effektiv adlandıra bilərik. Bir az da konkretləşdirsək, ABŞ Dövlət katibi uzun illər keçmiş SSRİ-nin əsarətində olan bu xalqların rəsmiləri ilə bir nəbz yoxlaması həyata keçirdi.

Burada bir məsələ də diqqətdən yayına bilməzdi: Blinken açıq şəkildə bildirib ki, Mərkəzi Asiya ölkələri Rusiyanın Ukraynanı işğalını pisləməlidir, çünki mövcud nizam dağılsa gələcəkdə onların da ərazi bütövlüyünə qəsd problemləri ortaya çıxa bilər. Bu sözlərin ünvanlandığı Qazaxıstan xarici işlər naziri isə deyib ki, onlar Rusiyadan hansısa təhlükə görmürlər və Ukrayna münaqişəsində balanslı mövqelərinə davam edəcəklər.

Əslində ABŞ tərəfi bu cür cəhdlərlə Rusiyanın Ukrayna ilə 1 ildən çoxdur davam edən savaşının Mərkəzi Asiyaya sıçraması üçün də bir zəmin hazırlamaq məqsədi güddüyünü düşünə bilərik. Lakin Qazaxıstan yaxın müttəfiqlərindən olan, Türk Dövlətləri Təşkilatında da birgə fəaliyyət göstərdiyi Azərbaycanın xarici siyasətinə uyğun bir siyasi gediş edərək, Vaşinqtonun Mərkəzi Asiyanı növbəti poliqona çevrilməsini qeyri-müəyyən zamana kimi əngəlləmiş oldu.

Təbii ki, Qərbin və ABŞ-ın məqsədi Rusiyanı müxtəlif cəbhələrdə savaşa sürükləyərək, Kremlin güc balansını mümkün qədər daha çox pozmaq, onun hərbi infrastruktunu daha da xaotik vəziyyətə salaraq, artıq daxildə də xırda xalqların azadlıq tələbləri qarşısında gücsüz duruma kimi gəlib çıxmasına zəmin hazırlamaqdır. Buradan çıxan nəticə isə budur: ABŞ özünün ən böyük hərbi-siyasi rəqiblərindən, güc mərkəzlərindən olan Rusiyanı meydandan silmək üçün “qurban dövlətlər siyahısı”nı daha da genişləndirmək niyyətindədir.

Milli.az