Rusiyanın Qafqazla bağlı planları- rus qoşunlara mandat veriləcəkmi?- AÇIQLAMAbackend

Rusiyanın Qafqazla bağlı PLANLARI… – Rus qoşunlara mandat veriləcəkmi?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Rəsmi Bakı Qarabağda Rusiya sülhməramlılarının mandatının müəyyənləşməsi ilə bağlı müzakirələrin hələ də davam etdiyini açıqlayıb. Qarabağda sülhməramlıların mandatının müəyyənləşməsi ilə bağlı müzakirələr niyə uzanır?

Məsələ ilə bağlı  Editor.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bildirib ki, atılan addımlardan belə görünür ki, Azərbaycan tərəfi Rusiya qoşunlarına mandat vermək istəmir:

“Beynəlxalq hüquqla bir dövlət sülhməramlı ola bilməz. İki və daha artıq dövlətin birlikdə sülhməramlı mandat alması labüddür. Azərbaycanın tək Rusiyaya sülhməramlı mandatı verməsi bu qaydanın pozulması deməkdir. Eyni zamanda rus sülhməramlılarının bölgədə atdığı addımlar, təxribatlara göz yumması, bəlkə də hətta göstəriş verməsi Azərbaycanın mövqeyini dəyişib. Rusiya da bunu anladığı üçün manat məsələsində Azərbaycanı tələsdirir. Burada təbii ki, Türkiyənin bölgədə ağırlığının qoruması amili də var, hansı ki Laçında keçirilən təlimlər bunun əyani sübutudur”.

Onun sözlərinə görə Rusiya yaxşı başa düşür ki, proseslər hərbi bazasının 5 ildən daha tez müddətdə çıxarılmasına təkan verir:

“Üstəlik üçtərəfli bəyanatda sülhməramlıların 5 ildən tez çıxarılması ilə bağlı məsələ qarışıqdır. Orada aydın ifadə olunmur ki, bu barədə qərarı təkcə Azərbaycan tərəfi verə bilər, yoxsa hər iki tərəfin yekdil qərarı tələb olunur? Düşünürəm ki, bu, özü Rusiyanın hiyləgər siyasətinin təzahürü idi. Mandatla bağlı məsələnin müzakirəsi uzanacaq. Uzanmağının özü də Rusiyaya qarşı təzyiq vasitəsidir və Türkiyəni bölgədən görməzdən gəlməsinə, sülhməramlı missiyasını layiqli yerinə yetirmədiyinə bir eyhamdır. Öncəki müsahibələrimdə də dediyim kimi, Rusiyanın Qafqazla bağlı öz planları var və bu planların icrası naminə bölgədə sülhün və sabitliyin bərqərar olmasından yana deyil. Fikrimcə, rus qoşunlarına mandat verilməməsi ən düzgün qərar olardı. Bu, Rusiyaya nəzakətli şəkildə bölgədən çıx deməkdir. Bu, qısa müddətdə baş verməsə də, Azərbaycan öz iddialılığını qorumuş olar və Türkiyənin bölgədəki varlığı Rusiyanın açıq şəkildə üzünə vurulmuş olar. Bunu ən azından beynəlxalq hüquqa istinadla etmək mümkündür”.

//Gülnarə Abasova, Editor.az