Rusiyanın qalib gəlməsi Azərbaycan üçün təhlükə yaradır?-AÇIQLAMAbackend

Rusiyanın qalib gəlməsi Azərbaycan üçün təhlükə yaradır?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Danimarkaya səfərinin əsas səbəbi “F-16″ların verilməsi idi. Hollandiya 42, Danimarka isə 19 ədəd “F-16″ qırıcı təyyarəsini Ukraynaya vermək barədə qərarını açıqladı. Bu, olduqca ciddi addımdır”.

Bu sözləri Editor.az-a politoloq Sultan Zahidov Ukrayna prezidenti Volodimir Zelenskinin Danimarka Parlamentində çıxışı zamanı ölkəsi müharibədə qalib gəlməsə, Rusiyanın bütün qonşularının təhlükə altında qalacağı və demokratiyaların Rusiyanın hədəfi olacağı, bu ölkələrdə qeyri-stabillik yaranacağı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin qırıcı təyyarələr digər dövlətlər tərəfindən də Ukraynaya tədarük edilməyə başlayacaq:

“Rəsmi Kiyevin hava hücumundan müdafiə sistemi  daha çox Sovet sisteminə əsaslanırdı. Bu da Ukraynanın son vaxtlarda Rusiya qarşısında ciddi uğurlar əldə etməsinin qarşısını alırdı. Zelenski iştirak etdiyi bütün görüşlərdə oxşar fikirlər səsləndirir. Onun dediklərində müəyyən mənada həqiqət var. Ukrayna Qərbin liberal dəyərlərinin təcəssümü rolunda çıxış edir. Rusiya isə buna qarşı ölkədir. Rəsmi Moskvanın Kiyevə qalib gəlməsi həm də Qərbin liberal dəyərlərinin məğlub olması anlamındadır. Bu da Rusiyanı daha çox ərazi ələ keçirib, böyük konfrantasiyalara daxil olmaq üçün şirnikləndirə bilər. Lakin bu, yüksək ehtimal deyil”.

Politoloqun fikrincə, Ukraynanın məğlubiyyəti baş tutarsa, növbədə Polşa, Pribaltika dayanır:

“Xüsusilə də burada Suvalki dəhlizi var. Rəsmi Moskva bu ölkələrlə toqquşmaya girərsə, vəziyyətin eskolasiyası, Rusiya-NATO toqquşmasına və Üçüncü dünya  müharibəsinə səbəb olacaq. Bundan da bütün dünya zərər görəcək. Rusiyanın Ukraynada məğlub olması bütün postSovet məkanın maraqlarına uyğundur. Daim postSovet məkanında öz nüfuzunu saxlamaq, kirli oyunlarını oynamaq istəyən, “parçala və hökm sür” siyasətini yürüdən məhz Rusiya olub. Vladimir Putin Soyuq müharibə nəticəsində Sovet İttifaqının dağılmasından sonra zəifləyən Rusiyanın əvvəlki əzəmətini geri qaytarmaq istəyir. Rəsmi Moskva xarici siyasətində “Avrasiyaçılıq” konsepsiyasına əsaslanır. Bunun əsasında Rusiyanın yenidən qlobal güc olması üçün Avrasiyada yenidən gücə çevrilməsi vacibliyi dayanır. Bunun üçün də rəsmi Moskvanın Şərqi Avropa və post-Sovet məkanında nüfuz sahibi olması lazımdır”.

//Safura Bənnayeva, Editor.az