“Laçın dəhlizi 2025-ci ilə qədər üçtərəfli müqaviləyə görə Rusiya sülhməramlılarının nəzarəti altında olacaq. Sülhməramlılar Qarabağ ərazisində 2020-ci il bəyanatına əsasən qeyri-qanuni erməni birləşmələrini çıxartmalı və paralel olaraq yerləşməli idilər. Amma bunu etmədilər. Nəticədə müharibədən çıxan qanunsuz birləşmələrin yenidən təşkilatlanmasına şərait yarandı”.
Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirdi.

Ekspertin sözlərinə görə, onlar bu ərazilərdə Ermənistanın müharibədən çıxan Şimal bölgəsindəki və geri çəkilən 18-ci motoatıcı diviziyasının bölmələrinin müharibədən sonra “Qarabağın müdafiə ordusu” halında birləşməsinə səbəb oldu:
“Buna şərait yaradan sülhməramlılar onların təminat və təchizatını da düşünməli idilər. Hərbi texniki təminat isə yalnız Laçın dəhlizi vasitəsilə həyata keçirilə bilər. Burada ermənilərin təbirincə desək “Dağlıq Qarabağ ordusu” varsa, texniki avadanlıq, silah, minalarla təchizatı davam etməlidir. Bu da Ermənistan tərəfindən reallaşır. Heç bir nəzarət olmadan ermənilər Laçın koridoru ilə silah daşınmasını həyata keçirir. Bu hadisəni isə Rusiya sülhməramlıları “humanitar yardım” adlandırırlar. Xüsusilə də avtomobillər üzərində yardım işarəsi göstərməklə içərisində nə olduğunu Azərbaycan tərəfinin video-kameraları görə bilmir.
Məqsəd isə orada silahlı birləşmələrdən ibarət bir qurum yaratmaqdır. Bundan da gələcəkdə Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar”.
Elxan Şıxəliyev vurğulayır ki, Azərbaycan tərəfi hər dəfə Rusiya sülhməramlılarına iradını bildirir:
“ Amma görünür ki, onlar üzərilərinə düşən öhdəlikləri bilərəkdən yerinə yetirmirlər. Xüsusən də Rusiya icmasının yaradılması, vətəndaşlıqdan imtina etmiş Ruben Vardaryanı siyasi proseslərə cəlb edilməsi, rus vəsiqələrinin ikili vətəndaşlığını təmin edilməsi ilə Rusiya düşünür ki, gələcəkdə Qarabağ bölgəsi onun nəzarətində ola bilər.
Rusiyanın Qarabağ üzərində uzun perspektivdə planları var. Hərbi-siyasi beyin mərkəzləri uzun müddətdə ərazinin Rusiyanın nəzarətində olması kimi düşüncələr irəli sürür. Biz bunu qəbul etmirik. Amma Ermənistan tərəfi həmin prosesə razıdır. Buna görə də sühməramlıların mandatının 10-20 il uzadılmasının tərəfdarıdırlar. Rusiya Ermənistanın Qarabağ baxışını təmin etmiş olur. Ermənilər də Qarabağ məsələsini Rusiyanın öhdəliyinə verməklə qurtulmaq istəyirlər. Əgər Zəngəzur dəhlizi açılmayacaqsa, üçtərəfli bəyanata zidd olaraq biz də Laçın dəhlizini nəzarətə götürməliyik. Gələcəkdə Azərbaycan vətandaşlığını alan əhali Laçın dəhlizindən bizim yoxlamalardan keçərək hərəkət etməlidirlər. Nə qədər tez bu proses başlasa, oradakı ermənilərin gücləndirilməsi dayandırılacaq. Rusiya bu addımı atmaqla bölgədə konflikti artırmağa çalışır. Nəticə isə gələcəkdə Azərbaycanın Ermənistanla deyil, Rusiya ilə münasibətlərinə təsir edəcək”.
//Safura Bənnayeva, Editor.az

