Rusiyanın Qərblə bağlı narahatlıqları: Zaxarova nə demək istəyir?backend

Rusiyanın Qərblə bağlı narahatlıqları: Zaxarova nə demək istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan və Azərbaycan arasında məsələlərin həlli Rusiyanın sülh təşəbbüsləri ilə həyata keçəcək”.

Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib. O həmçinin Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobudluq kimi qiymətləndirib: “Bu cəhdlər problemin həllinə deyil, tamam başqa məqsədlərə hesablanıb. İndi Qərb daha da fəallaşıb”.

Rusiya XİN sözçüsü xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr yoxdur və Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır.

Zaxarovanın fikirlərini Editor.az-a şərh edən politoloq Azər Qasımov bildirib ki, Rusiyanın vasitəçiliyi ilə həyata keçəcək sülh təşəbbüsünün nəticəsini indidən təbrik etmək olar:

“Qərbə kobud deyən Zaxarovaya Rusiyaya nə deyilməli olduğunu xatırlatmaq yerinə düşər. İşğalçı. Sanki Rusiyanın səyləri başqa məqsədlərə hesablanmayıb. Qərbin vasitəçiliyi ilə münaqişələrin uğurlu həlli nümunələrini olmadığını qeyd edən Zaxarova Rusiyanın iştirakı ilə hansı uğurlu nümunə göstərə bilər? Əksinə münaqişələr  yaratmaqdan başqa. Rusiya rəsmiləri sanki öz yaratdıqları saxta dünyada yaşayıb özlərini də uydurduqları gerçəkliklərə inandırıblar. Elə danışırlar ki, sanki bütün dünya ağıldan məhrumdur, təkcə onlar hamıdan ağıllıdır. Rusiyanı təşvişə salan odur ki, Qərb regiondakı süni münaqişələri həll edib Rusiyanın saxta niyyətlərini üzə çıxaracaq və onun regiondakı oyunlarını ifşa edəcək, beləliklə də, Rusiya biabırçı vəziyyətdə regionu tərk etmək məcburiyyətində qalacaq”.

Politoloq Qərbin problemi həll etmək cəhdini təqdirəlayiq qiymətləndirir və bildirir ki, reallıqları nəzərə alaraq bu addımlar doğru və həqiqətə uyğundur:

“Rusiyanın isə öz həqiqətləri vardır və tərəfləri bu həqiqətlərə uyğun davranmağı tələb edir. Rusiya bütün cəbhələrdə zəiflədiyini və uğursuzluğa düçar olduğunu hiss edir, sadəcə bunu dilə gətirmir. Ermənistan kimi kiçik və zəif  bir ölkə belə ondan üz döndərməyə cəhd edir. Qərbə üz tutur. Rusiyanın isə bunun qarşısını almaq üçün güc işlətməkdən başqa alternativi yoxdur. Çünki Rusiya gücdən, təzyiqdən başqa bir şey bacarmır. Bu isə onu daha da çıxılmaz vəziyyətə salır. Hesab edirəm ki, Rusiyanın münaqişənin həllinə verə biləcək heç bir potensialı yoxdur və olmayıb da. Rusiyanın olduğu yerdə sülhdən danışmaq doğru deyil”.

//Gülnarə Abasova, Editor.az