“Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsində dəhliz məntiqinin əleyhinədir”.
Bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin 24news.am-a müsahibəsində deyib.
“Moskva bu məsələ ilə bağlı dəfələrlə çıxış edib, heç bir dəhliz məntiqindən söhbət gedə bilməz”, – deyə o, qeyd edib.
Qeyd edək ki, digər tərəfdən məsələ ilə bağlı Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov yerli mətbuata müsahibəsində Zəngəzur dəhlizinin açılmasının mümkünlüyünə əmin olduğunu qeyd etmişdi. Burada belə bir məqam özünü göstərir ki, səfirlər çaşqınlıq içərisindədir və qərəzli açıqlamalar verirlər. Bu kimi halların baş verməsinə səbəb nədir?
Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, istər Ermənistanın Rusiyadakı səfiri Sergey Kopirkin, istərsə də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya dövlətini təmsil edir:

“Məsələ bundan ibarətdir ki, səfirlər təmsil olunduqları dövlətlərin maraqlarına uyğun açıqlamalar vermək məcburiyyətindədirlər. Burada maraqlı məqam odur ki, Sergey Kopirkin niyə bu yanaşmanı sərgiləyir? Son dövrlərdə Ermənistanın Qərbə yaxınlaşması Rusiyanı narahat edir. Rəsmi Moskva görür ki, İrəvanı təhdid yolu ilə geri qaytara bilmir, ona görə də “şirin dil”dən istifadə etməyə çalışır. Son nəticədə Ermənistan artıq Qərbə yönəlib.
Mixail Boçarnikov isə Azərbaycanda olduğu və münasibətlərin pozulmaması üçün belə açıqlamalar verir. Ümumilikdə isə Rusiya Cənubi Qafqazda baş verən son hadisələrdən sonra öz təsir gücünü saxlamağın yeganə yolunu Zəngəzur dəhlizinin açılmasında görür. Çünki üçtərəfli bəyannamənin bəndlərinin birində Rusiyanın burada sərhəd qoşunlarının nəzarəti ilə bağlı fikirlər var. Ona görə də rəsmi Moskva bunda maraqlıdır”.
//Safura Bənnayeva, Editor.az

