“Rusiyanın “sülh elçiliyini” hələ çox görəcəyik”-ŞƏRHbackend

“Rusiyanın “sülh elçiliyini” hələ çox görəcəyik”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya rəsmiləri tez-tez Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində müsbət açıqlamalar verir.

Buna misal olaraq Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun tərəflər arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün müəyyən addımların atılmasına hazır olduqları ilə bağlı çıxışını göstərə bilərik. Rusiyanın birdən-birə bu tipli açıqlamalar verməsi nədən qaynaqlanır?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən AĞ Partiya sözcüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirdi ki, belə açıqlamalar şablon xarakterlidir: “ Bunu hər zaman bu cür də qəbul etmək lazımdır. Şimal qonşumuz heç zaman bizə qarşı münasibətində səmimi olmayıb. ATƏT Minsk qrupunun son 30 ildəki fəaliyyətində digər iki ölkə-Amerika və Fransa kimi Rusiyanı həmsədr olaraq yaxşı gördük…İndiki vəziyyətdə Kremldən gələn bu açıqlamaları təsadüfi saymıram.

Putin Rusiyası görür ki, Azərbaycan öz haqlı yolunu-Türkiyə yolunu tutub, tutduğu yolda inamla irəliləyir, nə Qərb, nə də Rusiya arasında seçim etmək, yaxud balanslı siyasət yürütmək fikrində deyil. Həm də II Qarabağ savaşından sonra fərqli bir Azərbaycan görürlər, diktə etdirilən deyil, diktə edən Azərbaycan…Artıq ölkəmizin gücü ilə hesablaşmağa başlayıblar. Burada təbii ki, Türkiyə faktorunu da heç bir halda unutmaq olmaz”.

Partiya sözcüsü Rusiya tərəfindən Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması istiqamətində töhfə verməyə hazır olduqları barədə verilən mesajları heç bir halda müsbət qəbul etmir: “Burada səbəblərdən biri də Rusiyanın hər addımbaşı Cənubi Qafqazda, xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsində söz sahibi olmaq rolunu durmadan itirdiyinin şahidi olmasıdır. Təkcə bir fakt bu fikirlərimi təsdiq edir. Artıq Azərbaycan tərəfində Minsk qrupu deyil, keçmiş Minsk qrupu ifadəsi işlədilir, mətbuatda bu cür ifadə olunur. Sizcə indi bu Rusiyaya heç nə demir? Rusiya həm də Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Ermənistan-Azərbaycan münaqişəsində əsas rol oynayan ölkə sayılırdı. Artıq bu riçarkı itirib. Bundan əlavə, Azərbaycan prezidenti və digər dövlət rəsmiləri səviyyəsində son günlərdə istər İrana, istər Fransaya, istərsə də, Rusiyaya çox ciddi mesajlar verilir. Təkcə İlham Əliyevin 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda etdiyi çıxışı zamanı dediklərini xatırlamaq kifayət edər. Ali Baş Komandan iki qardaş ölkə ordularının tək olmadığını söylədi. Azərbaycan ordusunda türk ordusunun, türk ordusunda da Azərbaycan ordusunun olduğunu bəyan etdi. Bu əslində olduqca müsbət, həm də düşmənlərin yuxularını ərşə çəkən fikirlər idi.

Məhz Rusiyanın yaşanan proseslərin fonunda özlərini “sülh elçiləri” kimi göstərmələrini necə təsadüfi saymaq olar? Burada bir səbəb də, Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlıdır. Son vaxtlar bu sülhməramlıların müddətləri bitən kimi oradan çıxarılacağı ilə bağlı tez-tez açıqlamalara rast gəlirik. Azərbaycan prezidenti də bunu bir müddət öncə bəyan edib. Bilirsiniz ki, rus sülhməramlılarının da zamanlarının bitməsinə 3 il qalır. Bu illər ərzində hələ biz çox Rusiyanın “sülh elçiliyi”ni görəcəyik. Amma heç bir halda şimal qonşumuzun səmiyyətinə inanmaq olmaz. Onların yalnız bir marağı var.

Cənubi Qafqazda söz sahibi olmaq rolunu itirməmək”. Siyasi şərhçi nikbindir: “Düşünürəm ki, Ermənistan-Azərbaycan münaqişəsində Rusiya tezliklə reallıqlarla barışmalı olacaq, ən nəhayət bölgəyə sülh gələcək, Xankəndi daxil digər ərazilərin Azərbaycana məxsus olduğu həqiqətini Kreml qəbul edəcək. Başqa yolu da yoxdur. Ermənistanın forpostu olmağa davam etsələr, itirən tərəf olacaqlar. Çünki artıq əvvəlki zaman deyil, bölgədə yeni bir reallıq yaranıb. Bu reallığı qəhrəman Azərbaycan Ordusu yaradıb. Hər kəs bununla barışmalıdır”.

//Safura Bənnayeva,Editor.az