Rusiyanın tələsməyinin səbəbi nədir?-“Putin səfərbərliyin ikinci dalğasını elan edə bilər”-ŞƏRHbackend

Rusiyanın tələsməyinin səbəbi nədir?-“Putin səfərbərliyin ikinci dalğasını elan edə bilər”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti və ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu ard-arda xəbər yayırlar ki, Rusiyada səfərbərliyin ikinci dalğası elan olunacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib.


Onun sözlərinə görə, şübhəsiz ki, bu xəbərlər bir tərəfdən informasiya müharibəsinin tərkib hissəsidir, yəni ictimai rəyi formalaşdırmaq baxımından atılan addımdır, digər tərəfdən də bu fikirlərdə müəyyən dərəcədə həqiqət var:

“Təxminən fevralın sonu, mart ayının əvvəlləri Qərb ölkələri, o cümlədən Britaniya, Polşa və Almaniya Ukraynaya yeni tanklar verəcəklər. Bununla bağlı artıq razılıq əldə olunub. Həmin dövlətlərin rəsmiləri bildirir ki, biz tankları tədarük edənə qədər əvvəlcə Ukrayna əsgərləri bu tanklardan istifadə etməyi öyrənməlidir. Həmin tanklar kifayət qədər ağır, müasirdir və döyüş meydanında vəziyyəti Kiyevin xeyrinə dəyişməyə qadir tanklardır. Fevralın 24-də müharibənin il dönümü olacaq. Həmin vaxta qədər Rusiya ciddi uğurlar əldə etməlidir. Putin çıxışında da əldə etdiyi uğurları bildirməlidir. İndiki halda nə əldə edib? Heçnə!”

Siyasi şərhçinin fikrincə bu iki nüans Rusiyanı qarşıdakı günlərdə üstünlüyü ələ almağa vadar edir:

“ Rəsmi Moskvanın tələsməyinin səbəbi budur. Qarşıdakı həftələrdə Rusiyada səfərbərliyin ikinci dalğasının elan olunmasını istisna etmirəm. Bu bəlkədə geniş ictimaiyyətə açıqlanmayacaq. Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, səfərbərliklə bağlı fərman hələ də gündəmdədir. Bundan istifadə edərək növbəti çağırışları edə bilərlər.
Putin çıxışlarında bu “xüsusi əməliyyatın” müharibə olduğunu bildirə bilər. Burada da NATO ilə müharibə nəzərdə tutulur. Bununla da Putinin məqsədi daxili auditoriyaya vəziyyətin ciddi olduğunu anlatmaqdır.
Belarusda da ikinci cəbhənin açılacağını istisna etmirəm. Əgər bu hal reallaşarsa A.Lukaşenkonun “başı ağrıyacaq”. O hələ ki, Qərblə Rusiya arasında oynayır. Bütün bu proseslərin nəticəsində müharibənin miqyası böyüyəcək”.

//Safura Bənnayeva, Editor.az