Rusiyanın Ukraynada qələbə şansı yoxdur: Bu savaş hər iki tərəf üçün fəlakətə çevrilib- ŞƏRHbackend

Rusiyanın Ukraynada qələbə şansı yoxdur: Bu savaş hər iki tərəf üçün fəlakətə çevrilib- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dördüncü ilə yaxınlaşan Rusiya–Ukrayna müharibəsi artıq təkcə iki dövlət arasında hərbi qarşıdurma deyil, qlobal geosiyasi balansı sarsıdan uzunmüddətli böhran kimi xarakterizə olunur. İkinci Dünya müharibəsindən sonra Avropanın şahidi olduğu ən qanlı münaqişə indi həm Rusiya, həm də Qərb üçün siyasi, iqtisadi və mənəvi baxımdan sınağa çevrilib. Ekspertlər hesab edirlər ki, bu savaş nə qalib, nə də uduzan tərəf buraxacaq – yalnız itkilər və dağıntılar qalacaq.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü artıq dördüncü ilinə daxil olur və bu, “Böyük Vətən müharibəsi” adlandırılan İkinci Dünya müharibəsində SSRİ-nin iştirak müddəti ilə müqayisə oluna bilər:

“Əslində bu hərbi təcavüz başladığı andan savaşın 3–5 günə bitməyəcəyi, uzun və ağır olacağı bəlli idi. Ciddi siyasətşünaslar bunu əvvəlcədən proqnozlaşdırmışdılar. Keçdiyimiz günlərdə ‘Valday’ forumunda Rusiya prezidenti Vladimir Putin də etiraf etdi ki, Ukrayna ilə savaş təkcə Ukrayna üçün deyil, Rusiya üçün də bir fəlakətdir”.

Politoloq qeyd edib ki, milyonlarla insanın məcburi köçkünə çevrildiyi, minlərlə şəhər və kəndin viran qaldığı bu müharibənin yaxın və orta perspektivdə bitməsi inandırıcı görünmür:

“Rusiyanın hərbi-siyasi rəhbərliyi kimi, Qərbin siyasi mərkəzləri də müharibəni sonadək davam etdirməkdə qərarlıdır. Halbuki, vaxtilə İstanbulda sülh danışıqları zamanı tərəflər razılığa çox yaxın idilər. Lakin həmin dövrdə prosesə müdaxilə edən qüvvələr atəşi söndürmək əvəzinə, yanğına benzin tökdülər”.

Məhərrəmli bildirib ki, artıq dörd ilə yaxındır Rusiya ordusu Donbass bataqlığından çıxmaqda çətinlik çəkir, Ukrayna ordusu isə israrla və inadla öz torpaqlarını müdafiə edir:

“Rusiyanın daha irəli — Odessa, Kiyev, Poltava və digər qərb bölgələrinə doğru irəliləmək və Ukraynanı kapituliyasiyaya vadar etmək imkanı yoxdur. Hərbi potensialı buna yetməz. Əgər bu baş verərsə, dünya artıq qlobal bir müharibə ilə üz-üzə qalacaq və indiki şərtlərdə heç bir güc buna nə hazırdır, nə də maraqlıdır”.

Politoloqun sözlərinə görə, Rusiyanın iqtisadiyyatı bu öngörülməsi çətin müharibənin ağırlığı altında çökmək ərəfəsindədir. Bununla belə, o hesab edir ki, bu savaşın nəticələri təkcə Rusiyanın deyil, bütün Avroasiyanın gələcəyini müəyyən edəcək: “Ukrayna artıq bir dövlət olmaqdan çox, Qərb və Rusiya arasında cəbhə xəttinə çevrilib”.

Fəqani Məhərrəmli əlavə edib ki, Rusiya bu müharibədə qalib gəlsə belə, bu, “Pirr qələbəsi” olacaq:

“Avropa da bu savaşın ağırlığını artıq öz üzərində hiss edir və yaxın illərdə daha çox hiss edəcək. Axı bu müharibənin əsas maliyyə yükü Avropanın üzərinə düşür. Ona görə də savaşın hansı sonluqla, kimin xeyrinə və nə vaxt bitəcəyini proqnozlaşdırmaq hələlik siyasi reallıqdan uzaq görünür”.

//Gülnarə Abasova, Editor.az