Rusiyanın Ukraynaya müdaxiləsi Moskvanın nəzərdə tutduğu kimi irəliləyirmi?-TƏHLİLbackend

Rusiyanın Ukraynaya müdaxiləsi Moskvanın nəzərdə tutduğu kimi irəliləyirmi?-TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarix müharibəyə başlamağın onu bitirməkdən qat-qat asan olduğunu göstərən nümunələrlə doludur. ABŞ-ın 2001-ci ildə Əfqanıstana və 2003-cü ildə İraqa müdaxiləsi şübhəsiz ki, bu nümunələrdən ikisidir. Vladimir Putin üçün də Ukrayna belə bir nümunə ola bilər. Deyirlər ki, bütün hərbi planlar yalnız düşmənlə ilk təmas anına qədər qüvvədədir. Eyni sözləri Rusiyanın Ukraynadakı planları haqqında da demək olar.

Editor.az-ın “BBC Türkçə”yə istinadən verdiyi məlumata görə, Kral Birləşmiş Xidmətlər İnstitutunun analitik mərkəzinin Avropa təhlükəsizlik eksperti Ed Arnold deyir ki, Rusiyanın ilk hücumları təsirli olmayıb və gözləniləndən daha yavaş olub. Onun fikrincə, bunun birdən çox səbəbi var.

İşğallarda istifadə edilən hərbi doktrinanın adətən düşmən ölkəyə böyük güclə girdiyidiyini ifadə edən Arnold, Rusiyanın Ukrayna ətrafındakı 150-190 minlik əsgərinin hamısını hələ də istifadə etmədiyinə diqqət çəkir:

“Bunun səbəbi Rusiyanın qalan qoşunlarının işğalın sonrakı mərhələlərinə saxlaması ola bilər. Orduların öz planlarını nəzərdən keçirərkən bəzi gücləri ehtiyatda saxlaması normaldır. Qərb rəsmiləri ilkin işğalın sərhəd qüvvələrinin yarısı ilə başladığını təxmin edirlər. Bir neçə cəbhədən hücumların başlanması da işləri daha da mürəkkəbləşdirdi. Rusiya gözlənildiyi qədər hava zərbələri və artilleriya atəşi həyata keçirməyib”.

Arnold hesab edir ki, burada diqqət çəkən məqam Ukraynanın güclü müqaviməti idi:

” Məncə bunu Rusiya gözləmirdi. Digər tərəfdən o, rus generallarının qarşılaşdıqları uğursuzluqların öhdəsindən gələ biləcəyini düşünür”.

Britaniya ordusunun yüksək rütbəli komandiri olan ser Riçard Barrons bu fikrincə Rusiya qısa zamanda hərbi məqsədlərinə çata bilər. Rusiyanın hücumunun ilkin məqsədləri Ukrayna ordusunu dağıtmaq, mərkəzi hökuməti devirmək və Ukraynanın bir hissəsini ilhaq etmək olub. Görünür, Rusiya bu məqsədlərin bəzilərində irəliləyiş əldə edib. Ukraynanın cənubunun işğalını genişləndirən rus qoşunları 2014-cü ildə işğal etdikləri Rusiya ilə Krım arasında quru əlaqəsini təmin ediblər.

Arnold bunun “kiçik hədəf” olduğunu bildirir.

Ukraynanın ən təcrübəli əsgərlərindən bəziləri illərdir Donetsk və Luqansk cəbhələrində olub. Onlar bu günə qədər Rusiyanın bu bölgələrdən irəliləmək cəhdlərini mərdliklə dəf ediblər. Amma mühasirəyə alınsalar, davam etməkdə çətinlik çəkəcəklər. Ukrayna ordusunun böyük hissəsinin münaqişədə olması onların başqa yerə göndərilməsini çətinləşdirir. Rusiya ciddi şəkildə Kiyevə doğru irəliləyib. Ciddi müqavimət mərkəzi olan paytaxtın ələ keçirilməsi əsas hədəflərdən biridir. Putin  Zelenskinin demokratik yolla seçilmiş hakimiyyətini öz rejimi ilə əvəz etmək istəyir.

Ed Arnold deyir ki,  Kiyev alınmasa, Rusiya qalib sayıla bilməz:

” Burada əsl sual bunun nə qədər asan olacağıdır. Görünür, rus qoşunları şəhəri mühasirəyə almağa çalışır. Amma nə qədər irəliləsələr, onlara qarşı müqavimət də bir o qədər çox olur. Şəhər döyüşləri çox vaxt müdafiəçiyə böyük üstünlük verir. Hücum edənlər küçədən-küçəyə irəliləməkdə çətinlik çəkir, binalar müdafiə mövqelərinə çevrilir. Vətəndaşlar həm müqavimətin bir hissəsinə, həm də hədəfə çevrilirlər. Şəhər müharibələri ən ağır və ən qanlı müharibələrdir və daha çox hərbi güc tələb edir. Dnepr çayı Ukraynanın şərqi ilə qərbi arasında təbii maneə yaradır. Rus qoşunları bu çayın qərbindən keçməməyi seçə bilər. Onlar Kiyevi və ölkənin şərqini işğal etsələr, çaydan qərbə doğru irəliləmənin qazancı az olacaq”.

Arnoldun sözlərinə görə, Vladimir Putin ümid edir ki, paytaxt işğal edildikdən və Ukrayna ordusu məğlub olandan sonra müqavimət başa çatacaq. Lakin 190.000 nəfərlik ordu işğal üçün kifayət etsə də, hərbi ekspertlər bu sayın Avropanın ikinci ən böyük ölkəsini işğal altında saxlamaq üçün kifayət edib-etmədiyinə şübhə edirlər.

İraqda Britaniya ordusuna komandanlıq edən general Barrons deyir ki, əgər Putin 150 minlik ordu ilə bütün Ukraynanı işğal etməyə ümid edirsə, bu, ancaq xalqın razılığı ilə mümkün ola bilər. Ukraynanın şərqində rusiyayönlü tərəfdarlar olsa da, Rusiyanın təyin etdiyi hökumət 40 milyondan çox əhalinin razılığını almaqda çətinlik çəkəcək. General Barrons Rusiyanın Ukrayna ordusunu məğlub etmək gücündə olduğunu, lakin Ukrayna ordusunun məğlubiyyətindən sonra ciddi vətəndaş müqavimətinin davam edəcəyini düşünür.

//Gülnarə Abasova, Editor.az