Rusiya prezidenti Vladimir Putin nüvə silahlarını işə salacağını bildirib. Kremldə müdafiə rəsmiləri ilə görüşən Putin Qərbin Rusiyaya qarşı düşmən addımlar atdığını və “qeyri-qanuni iqtisadi sanksiyalardan” istifadə etdiyini bildirib.
Editor.az “BBC türkçə”yə istinadən Putin nüvə xəbərdarlığına səbəb kimi NATO rəsmilərinin “aqressiv bəyanatlarını” göstərib. Bu addım Putinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qəzəbini, həmçinin ölkəsinin NATO təhlükəsi altında olması ilə bağlı paranoyasını nümayiş etdirir.
Bu bəyanat Qərbin də böyük diqqətini çəkib.
Bu cür gərginlik NATO hərbi planlaşdırıcılarının qorxduğu bir şeydir. NATO-nun Ukraynaya qoşun yeritməyəcəyi ilə bağlı açıqlamasının səbəbi bu idi.
Digər tərəfdən, Rusiyanın işğalı planlaşdırıldığı kimi getmir. İşğalın dördüncü günündə hələ də Ukraynanın heç bir böyük şəhəri Rusiyanın nəzarətinə keçməyib və görünür, Rusiya ağır itkilər verir. Bu, Moskvada səbirsizliyə və məyusluğa səbəb olacaq. Belarus sərhəddi ilə bağlı danışıqlardan həm Moskvanı, həm də Kiyevi qane edəcək nəticəyə gəlmək çətin görünür. Putin Ukraynanın tamamilə Rusiyanın təsiri altında olmasını istəyir. Zelenski isə ölkəsinin müstəqilliyini müdafiə edir. Burada güzəştə getmək çətindir. Bu gün Qərbə verilən nüvə xəbərdarlığını da əlavə etsək, yaxın günlərdə Rusiyanın Ukraynaya qarşı təcavüzünün güclənməsinin və mülki insanların həyatına indiyədək göstərildiyindən daha az diqqət yetirildiyinin şahidi ola bilərik.
//Gülnarə Abasova, Editor.az

