“Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib, guya erməni soydaşlarının taleyinə biganə qalmayaraq onlara dəstək üçün Qarabağa gələcəyi fikirləri meydana çıxan kimi ifşa olundu. Azərbaycanda hamı bunun Kremlin yeni Qarabağ oyunu olduğunu bəyan etdi və ciddi etiraz fikirləri yüksəldi”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev də açıq mətnlə bunda Rusiyanı günahlandırıb:
“Vardanyanla (Vartanyanla) heç bir danışıqlara getməyəcəyimizi bəyan etdi. R.Vardanyanın Kremlin adamı olması heç kimdə şübhə doğurmur və əslində bunu başa düşmək elə də çətin məsələ deyil. Rusiyada hakim elitanın razılığı olmadan milyarder olmaq ancaq yuxuda ola bilərdi.
Vardanyan Qarabağa gələn kimi ona “rəsmi status” vermək üçün “dövlət katibi” vəzifəsi ixtira elədilər və onu da bunun başına qoydular. Vardanyan və ya başqasının Qarabağ ərazisində mövcud olmasının özü qanunsuz fəaliyyətdir, o ki qala Qarabağın təbii sərvətlərinin çıxarılıb daşınması və burdan milyonlar qazanması faktı ola… Məsələ ondadır ki, qanunsuz istismar edilən tək iki mədən qondarma qurumun gəlirlərinin üçdə ikisini təşkil edir. Bu gəlirin kəsilməsi qondarma qurum üçün ciddi çətinliklər yaradır”.
Siyasi analitik vurğulayıb ki, Qarabağda yaşayan ermənilərin əldə edilən bu gəlirdən nəsə pay aldığı ehtimalı azdır:
“Çünki Vardanyanın gəlişi ilə Qarabağda yaşayan ermənilər arasında narazı kütlə xeyli artıb. Separatçıların “rəhbərliyi” arasında qarşıdurmalar başlayıb, çünki tərəflərdən heç biri qanunsuz əldə edilən pullardan əl çəkmək istəmir. Vardanyanın isə öz pullarını Qarabağda ac-yalavac ermənilərə xərcləmək fikri yoxdur. Görüntü xatirinə nəsə xərcləyə bilər, amma bu, Qarabağın erməni nəzarətində olan təbii sərvətlərinin talanmasından əldə edilən gəlirlərin yanında cüzi qalır. Vardanyan Qarabağda çox qalmayacağını yaxşı bilir. Kremlin onu Paşinyanın yerinə hazırladığını, eyni zamanda, Azərbaycanın da onu Qarabağda yaşamasına çox göz yummayacağını da hamıdan daha yaxşı anlayır. Ona görə də imkan varkən bir az da pul qazanmaq üçün təbii sərvətlərdən gələn gəlirləri də ələ keçirmək məqsədi güdür. Buna da rus sülhməramlılarının rəhbərliyi ilə əlbir olub edir. Azərbaycan ekoloqlarının Laçın-Xankəndi yolundakı ekoloji aksiyası Vardanyanın planlarını pozub. Qarabağdan pul qazana bilmədiyini və öz pullarının xərclənəciyinin görən Vardanyanın tezliklə Qarabağdan qaçması dediklərimizi sübut edəcək”.
//Gülnarə Abasova, Editor.az

