Aİ-yə üzv olan 27 ölkənin daimi nümayəndələri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyiblər.
Editoraz bildirir ki, bu barədə “Reuters” və “Financial Times” adı açıqlanmayan avropalı rəsmilərə istinadən xəbər verir. Yeni məhdudiyyətlər paketinə, digər məsələlərlə yanaşı, ilkin alüminiumun idxalına qadağa da daxildir. Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, 16-cı sanksiyalar paketi Budapeştə Rusiya neft və neft məhsullarından istifadə sahəsində istisnalar nəzərdə tutur. Məhdudiyyətlər Aİ-nin Rusiyanın kölgə donanmasının bir hissəsi hesab etdiyi daha 73 gəmiyə şamil ediləcək. Daimi nümayəndələr tərəfindən qəbul edildikdən sonra yeni paket Aİ ölkələrinin liderləri tərəfindən təsdiqlənməlidir.
Fevralın 18-də Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar aparılarkən Avropanın iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bəyan edib ki, Vaşinqton belə etsə belə, Aİ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək. Bunun ardınca ABŞ dövlət katibi Marko Rubio qeyd edib ki, Avropa İttifaqı Moskvaya qarşı sanksiyalar tətbiq etdiyi üçün danışıqlara “nə vaxtsa” qoşulmalıdır.
//Samir Qurbanov, Editor.az