Rusiyaya qarşı tətbiq edilən SANKSİYALARIN ƏKS-EFFEKTİ: yüksək inflyasiya, ərzaq böhranı…backend

Rusiyaya qarşı tətbiq edilən SANKSİYALARIN ƏKS-EFFEKTİ: yüksək inflyasiya, ərzaq böhranı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada hazırkı defoltu 1918-ci ildəki defoltla eyni müstəviyə qoymaq düzgün deyil. Çünki 100 il əvvəlki səbəblərdən fərqli olaraq Rusiya indi sanksiyalar altında inildədiyi üçün məcburən defolt elan edib”.

Bu sözləri Editor.az-a iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspert bildirib ki, Rusiyanın bütün valyuta ehtiyatları və maliyyə resursları xaricdə dondurulmuş vəziyyətdədir:

“Bundan əlavə Rusiya iqtisadiyyatına investisiya qoyan şirkətlər geri çəkilib, orada fəaliyyət göstərən bir çox xarici şirkətlər artıq bazarı təsis edib. Hətta iş o yerə gəlib çıxıb ki, Rusiyanın bu gün ixrac etdiyi enerji resursları üzrə də Qərb tərəfindən müvafiq embarqo mexanizmləri tətbiq edilməkdədir. Bununla belə yaxın gələcəkdə Rusiya qazı və neftindən dünyanın əsas  inkişaf etmiş ölkələrinin imtina edəcəyi gözlənilir. Belə bir şəraitdə Rusiyanın  borc və kredit öhdəliklərini  ödəyə bilməsindən söhbət gedə bilməz. Ona görə də bu defolt məcburi və adi xatakter daşıyır”.

P.Heydərovun sözlərinə görə, tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına addım-addım  öz təsirlərini göstərməkdə davam edəcək:

” Belə ki, müasir dünyada bütün ölkələr öz iqtisadi resurslarına, mövcud potensialına əsasən bir-birlərinə sıx əlaqəlidirlər. Yəni,  bütün ölkələr borclanmaya gedirlər və bu borclar üzrə də onların müvafiq öhdəlikləri olur. Həmin öhdəlikləri də vaxtı-vaxtında icra etməklə ölkələr özlərinə investisiyaların cəlb olunmasına nail olur və investisiyaya cəlbedicilik imici qazanırlar. Rusiya isə artıq bu imici itirib. İstər Rusiya, istərsə də dünyanın digər hansısa inkişaf etmiş ölkəsi iqtisadiyyatına müvafiq kapital qoyuluşu olmasa heç bir formada inkişaf tapa bilməz. Avtomobilin mühərrikinin hansı gücə sahib olmasında, sürücünün peşəkarlıq səviyyəsindən aslı olmayaraq onun hərəkəti üçün ilkin şərt ona yanacaq tökülməsi tələbidir. İnvestisiya da hər bir ölkənin iqtisadiyyatı üçün eyni benzin anlamını daşıyır. Əgər iqtisadiyyata investisiya qoyulmasa mövcud istehsal bir gün istər-istəməz fəaliyyətini dayandırmalı və dalana dirənməli olacaq. Artıq bu proses Rusiyada bəzi müəssisələrdə başlayıb. Rusiyada bir çox zavod və fabrikdə artıq təkrar istehsal prosesində çətinliklərlə üzləşir. Bu proses isə getdikcə bütün istehsal sahələri üzrə yayılır. Ancaq Rusiya çox böyük iqtisadi potensiala sahib olduğuna görə bütün bunların nəticələrini qısa bir zamanda gözləmək doğru deyil. Bu proses hələ bir müddət çəkəcək”.

İqtisadçı qeyd edib ki, artıq 127-ci gündür davam edən müharibədə sanksiyalar altında olan Rusiya yolundan geri dönmək fikrində deyil: ” Ona görə ki, Rusiya çox böyük ölkədir. Rusiyaya qarşı bu sanksiyalar əks təsir göstərərək bütün dünya iqtisadiyyatına da zərbə vuracaq. Hal-hazırda qlobal iqtisadiyyatda mövcud çətinliklər fonunda inflyasiyanın bir çox ölkələrdə yüksək olmasına, ərzaq böhranına səbəb məhz budur. Ona görə də Rusiya iqtisadiyyatının tezliklə tamamilə diz üstə çökməsi, onun müharibə aparmaq gücündə olmayacağını, Rusiyada kəskin yoxsulluq və ajiotajın yaranmasını gözləmək olmaz. Bu mənada defolt hələ ki Rusiyaya qarşı tətbiq olunan sanksiyaların məntiqi nəticəsidir”.

//Gülnarə Abasova, Editor.az