Rusiyalı sülhməramlı kontingent hələ uzun müddət Dağlıq Qarabağda qalacaq və yerli sakinlərin təhlükəsizliyinə zəmanət verəcək.
Buna əminliyini iyulun 1-də Xankəndində keçirilən mətbuat konfransında üzdəniraq separatçı qurumun «dövlət naziri» Artak Bəyləryan ifadə edib.
«Birmənalı olaraq, hesab edirik ki, rusiyalı sülhməramlıların “arsaxda” (Azərbaycanın Qarabağ bölgəsi – Red.) iştirakı 5 illə məhdudlaşmayacaq. Hansı qərarların qəbul ediləcəyini zaman göstərəcək. Ancaq mən əminəm ki, rusiyalı sülhməramlılar bizdə uzun müddət qalacaqlar və bizim təhlükəsizliyimizi təmin edəcəklər» – Bəyləryan (Bəylər kişidən törəmiş!) bildirib.
Onun sözlərinə görə, ermənilərin təhlükəsizliyinin təmin olunması məsələsində “Qarabağın müdafiə ordusu” da açar rolunu oynayır. O, əlavə edib ki, vaxt keçdikcə Qarabağın silahlı qüvvələri özünün döyüş qabiliyyətini artıracaq.
Eyni zamanda, Xankəndi üçün əsas vəzifə Qarabağ münaqişəsinin dinc yolla həlli və bölgədə vəziyyətin sabitləşməsi olaraq qalır.
«Hər şeyi etmək lazımdır ki, rusiyalı sülhməramlı qüvvələr Qarabağda mümkün qədər uzun müddət qalsınlar» – bu fikri isə “dqr”-in keçmiş «prezidenti» Arkadi Qukasyan bildirib.
Xəbər verildiyi kimi, 2 gün əvvəl Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəsi adından Ermənistan tərəfə Azərbaycanla sülh müqavləsi bağlamağa hazırlıq işlərinə başlamağı təklif etmişdi. İrəvanın cavabında isə bildirilir ki, Dağlıq Qarabağın «statusu» məsələsi həll olunmayınca, Ermənistan sülh danışıqlarına başlamaq fikrində deyil. Bu da onun göstəricisidir ki, Ermənistan 44 günlük müharibədə tam iflasa uğrasa da, Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkməyib və deməli, dinc yanaşı yaşamaq fikrində deyil. Bu vəziyyətdən isə yeganə çıxış yolu var – sona qədər MÜHARİBƏ!
AzPolitika.info

