Rusiya gəmisi müvəqqəti işğal altında olan Krımdan tədarük etdiyi 27 min ton taxılı Misirə satmağa çalışıb, imtinadan sonra isə istiqaməti Livan və Suriyaya dəyişib.
Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir. Xəbərə görə, “Matros Poziniç” gəmisi işğal altında olan Krımdan 27 min ton taxılla Misirin İsgəndəriyyə limanına yollanıb. Lakin ukraynalı diplomatlar bu taxılın İsgəndəriyyəyə çatdırılmasına mane olublar.
Bundan sonra Rusiya tərəfi gəmini Livan və Suriyaya yönləndiriblər. Ukrayna Xarici İşlər Nazirliyi Livan və Suriya hakimiyyətinə müraciət edərək Rusiya yük gəmisinin onların limanlarına daxil olacağı təqdirdə, həbs edilməsini xahiş edib. Xarici İşlər Nazirliyi, hüquq-mühafizə orqanları və beynəlxalq tərəfdaşlarla birlikdə Ukrayna taxılıyla qeyri-qanuni əməliyyatlarda iştirak edən hər bir Rusiya şirkətinin məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırıb. Xatırladaq ki, ruslar işğal etdikləri Ukrayna ərazilərindən taxıl ehtiyatlarının dörddə birini çıxarıblar.
Editor.az

