“Bunlar özbaşına Azərbaycana qarşı bu cür çıxışlar etməz. Mixail Aleksandrovu işdən azad etsələr də, Azərbaycan tərəfi haqqında beynəlxalq axtarış verib və onun həbs edilmək təhlükəsi var”.
Bunu açıqlamasında siyasi ekspert Qabil Hüseynli deyib.
O, 2 rusiyalı politoloqun Azərbaycanla bağlı sərsəm bəyanatlarını şərh edib.
Xatırladaq ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) hərbi-siyasi tədqiqatlar mərkəzinin sabiq eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrov açıqlamasında “Azərbaycanın neft mədənlərini vurmalıyıq” ifadəsini işlədib. Digər bir şəxs, Rusiya Federasiyasının Raket və Artilleriya Elmləri Akademiyasının vitse-prezidenti Konstantin Sivkov isə hədələyici tonda deyib: “Ukrayna məsələsindən sonra Azərbaycanla da məşğul olacağıq”.
Q. Hüseynlinin sözlərinə görə, Sivkov başından yekə danışır:
“Bu, ölkə prezidenti səviyyəsində elan edilmiş siyasi xətt deyil. Azərbaycan Respublikası ilə Rusiya Federasiya arasında strateji müttəfiqlik müqaviləsi var. Həmin sənəd işləyir, qüvvədədir və ola bilər ki, bu cür hədyanlar Kremlin müəyyən ermənipərəst dairələrinin sifarişi ilə söylənilir. Amma bunu Rusiyanın dövlət siyasəti kimi təqdim etmək düzgün deyil”.
Mütəxəssis düşünür ki, söylənənlərin hamısı beynəlxalq hüquq normalarına, o cümlədən Rusiyanın beynəlxalq münasibətlərlə əlaqədar öz üzərinə götürdüyü öhdəliklərə və onun ruhuna tamamilə ziddir:
“Bu hədyan və iddialar daha çox könül qaraltmaq, əhval-ruhiyyələri korlamaq və müəyyən qədər də qarşı tərəfin siyasilərində bir çəkingənlik əhval-ruhiyyəsi formalaşdırmaq üçün edilir. Ona görə də bu cür bəyanatlar Rusiyanın dövlət siyasəti kimi başa düşülməməli, sözün həqiqi mənasında, müəyyən dairələrin təxribatı və araqarışdırması kimi qəbul edilməlidir”.
Politoloqun fikrincə, bu səpkili açıqlamalara millətçi rus şovinizmini aid etmək hələ tezdir:
“Amma “ermənipərəst dairələr” termini daha yerinə düşəndir. Çünki heç gizlətmək lazım deyil ki, Rusiyadakı erməni diasporu burnunu hər yerə soxa, hər yerin potensialından istifadə edə və çox zaman da ona nail ola bilir. Təəssüf ki, Rusiyanın siyasi dairələrində korrupsiya və rüşvətxorluq geniş yayıldığına görə, erməni diasporu onların bu zəif nöqtəsindən istifadə edərək, onları bu istiqamətə yönəldə bilir”.
Yenisabah

