Ötən gecə ruslar yenidən Ukraynanı vurublar. Priluki və Xarkov bu zərbələrdən əziyyət çəkib. Aralarında uşaqların da olduğu çoxlu yaralılar və ölənlər var.
Çerniqov Vilayət Dövlət Administrasiyasının sədri Vyaçeslav Çausun verdiyi məlumata görə, düşmən gecə saatlarında Priluki şəhərinə dronlarla hücum edib. Hazırda 5 nəfərin öldüyü məlumdur, o cümlədən dağıntılar altından iki qadın və bir uşaq tapılıb. Altı yaralı barədə də məlumat var. Çaus qeyd edib ki, ilkin məlumata görə, ruslar azı altı “Geran” PUA-dan istifadə ediblər.
Daha sonra Fövqəladə Hallar Dövlət Xidməti ölən uşağın 1 yaş 4 aylıq olmasına aydınlıq gətirib. Milli Polis isə bildirib ki, ölənlər arasında bir ailə var: 46 yaşlı qadın, onun 1998-ci il təvəllüdlü qızı və 2024-cü il təvəllüdlü nəvəsi də olub. Dağıntılar altında bir qadın və uşaq tapılıb.
Zərbələr nəticəsində yaşayış sektorunda irimiqyaslı yanğınlar baş verib. İki yaşayış binası, iki qaraj, bir yardımçı tikili və bir avtomobil dağılıb.
Ruslar Xarkovu da pilotsuz təyyarələrlə terror edib. Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubovun sözlərinə görə, bir hamilə qadın, 9 yaşlı qız, 7 yaşlı oğlan və 93 yaşlı qoca olmaqla 17 nəfər xəsarət alıb. O, onların vəziyyətinin yüngül olduğunu, həkimlər tərəfindən yerindəcə köməklik göstərildiyini qeyd edib.
Saat 7.30-a olan məlumata görə, Milli Polis Xarkovda gecə hücumu zamanı 18 vətəndaşın yaralandığını, o cümlədən dörd uşağın kəskin stress reaksiyası keçirdiklərini bildirib. Qeyd olunur ki, bir yerdə dron yaşayış binasının 16-cı mərtəbəsinə düşüb. Digərində isə beşmərtəbəli binanın divarına çırpılıb. Evin yanındakı ağaca da zərbə dəyib. Zərbələr nəticəsində çoxmərtəbəli binaların fasadları sınıb, pəncərələri sökülüb, mənzillərə ziyan dəyib.
Xarkov meri İqor Terexovun sözlərinə görə, mənzillərin birində qəlpələr divarları deşib. “Şahed” mühərrikinin bir hissəsi düz dəhlizə düşüb. Həmin vaxt ev sahibləri evdə olublar – onlar ancaq başqa otaqda yatdıqları üçün zərər görməyiblər. Hamının sağ olması möcüzədir”, – o deyib.
//Samir Qurbanov, Editor.az

