“Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradovun 1illik fəaliyyətini müsbət qiymətləndirmək olmaz. Lakin ümumilikdə isə baş verən proseslər Rüstəm Muradovun şəxsi iradəsindən asılı deyil, sadəcə Rusiya dövlətinin tapşırıqlarını yerinə yetirirdi”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Politoloq bildirib ki, Rüstəm Muradov yeni təyin olunduqda onun milliyəti çox müzakirələrə səbəb olmuşdu:
“Rüstəm Muradov isə hər zaman rus generalı olduğunu, rus bayrağına and içdiyini və hər zaman Rusiya dövlətinin tapşırıqlarını yerinə yetirəcəyini bildirmişdi. O, dediyi kimi də etdi. İnsanlar başa düşmürlər ki, baş verən proseslərin gedişatı vəzifəyə təyin olunanların şəxsiyyətindən, milliyətindən asılı deyil, əsas məsələ dövlət siyasətidir. Rüstəm Muradovdan sonra bu vəzifəyə kim təyin olunsa da vəziyyət dəyişməyəcək. Dövlət siyasətini öz tərəfimizə çevirmək istəyiriksə, bunu ya diplomatik ya da hərbi yolla həll etməliyik. Azərbaycan öz gücünü ortaya qoyub Qarabağda Rusiya siyasətini öz tərəfinə çəkərək ərazilərimizdə tam yurisdiksiyanı təmin etməlidir. Bu qısa müddətdə baş tutmalıdır. Başqa yolumuz yoxdur”.
//Gülnarə Abasova, Editor.az

