Səttar Mehbalıyevin 30 illik Həmkarlar İttifaqı: Konfederasiya öz işinin öhdəsindən gələ bilmir?backend

Səttar Mehbalıyevin 30 illik Həmkarlar İttifaqı: Konfederasiya öz işinin öhdəsindən gələ bilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti son vaxtlar medianın gündəminə tez-tez gəlir. Belə ki, qurumun ünvanına ittihamlar səsləndirilir. Xüsusən də Konfederasiyanın öz vəzifəsinin öhdəsindən gəlmədiyi, artıq öz konkret missiyası istiqamətində fəaliyyət göstərmədiyi, əksinə ticarət mərkəzinə çevrildiyi iddia edilir. Xüsusilə, sədr Səttar Mehbalıyevin də 30 il bir quruma rəhbərlik etməsi xüsusi diqqət çəkir.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanda “həmkarlar İttifaqı” anlayışı formal xarakter daşıyır:

“Beləliklə Həmkarlar İttifaqları Konfederasiyası da formal olaraq fəaliyyət göstərir. Vətəndaşlar quruma məcburi şəkildə üzv olurlar. Eyni qaydada məcburi şəkildə əmək haqlarından təşkilatın hesabına pul tuturlar. Onların fəaliyyətindən bixəbərik. Qərb təcrübəsində, eləcə də qardaş Türkiyədə Həmkarlar İttifaqının fəaliyyətinə nəzər yetirdikdə görünür ki, onlar hökumətlə  minimum əmək haqqı, yaşayış minimumu ilə bağlı danışıqlar aparır, tələblər irəli sürür, aksiyalar keçirirlər. Azərbaycan bu heçvaxt baş tutmayıb. Hətta deyə bilərik ki, ölkəmizdə Həmkarlar İttifaqı dövlət qurumuna çevrilib. Əslində isə sözün yaxşı mənasında bu qurum hökumətin rəqibi rolunda çıxış etməlidir. Ancaq Azərbaycanda qurumun fəaliyyəti normal təməllər üzərində inşa edilmədiyi üçün onun fəaliyyəti formal xarakter daşıyır. Ona görə də sözügedən İttifaqın nə işçilərə, nə də  üzvlərinə hər hansı bir xeyri yoxdur”.

Məsələ ilə bağlı sabiq millət vəkili, iqtisadçı alim Nazim Bəydəmirli isə bildirib ki, ölkəmizdə fəaliyyət göstərən bir çox ictimai təşkilatlar kimi, Həmkarlar İttifaqları Konfederasiyasında da sovet ənənəsindən qalmış idarəetmə forması mövcuddur:

“Belə ki, on illər ərzində dövlət və ictimai əmlakın hesabına formalaşmış böyük daşınmaz əmlak sahibi olan Həmkarlar İttifaqları Konfederasiyası həm də  ciddi qazanc mənbəyinə çevrilib. Qurum ictimai təşkilatdan daha çox siyasiləşmiş təşkilat qismində çıxış edir. İctimai təşkilat olaraq  bu və ya digər formada siyasi proseslərə müdaxilə etməməlidir. Ancaq onların mövqeyində iqtidarı dəstəkləyən və müxalifəti tənqid edən fikirlər müşahidə olunur. Dünya təcrübəsində Həmkarlar İttifaqının əsas vəzifəsi işçinin hüquqlarını müdafiə etməkdir. Çünki qurumun  maliyyəsi işçilərin əmək haqlarından tutulan vəsaiti hesabına formalaşır. Bu tip təşkilatlar daha çox könüllülərdən ibarət olmalıdır. Ancaq Azərbaycanda idarəetmə üslubu Qərb standartları, sivil dünya təcrübəsindən fərqlidir. Belə ki, heç bir təşkilat və rəhbərliyi siyasi  hakimiyyətə yaltaqlanmadan öz vəzifəsini qoruya bilmir. Çünki Azərbaycanda demokratik institutların formalaşması arzuolunan səviyyədə deyil və azad seçki mühiti, azad məhkəmə yoxdur. Ona görə də ölkədə icra hakimiyyəti orqanlarının dominant mövqeyi hökm sürür”.

Sabiq millət vəkili qeyd edib ki, Həmkarlar İttifaqları Konfederasiyasının iş prinsiplərini dəyişdirilməlidir:

“Mövcud vəziyyətdə fəaliyyətləri boyu nə əmək hüquqlarının qorunması istiqamətində heç bir ciddi addımları, nə də 10 illər ərzində formalaşmış daşınmaz əmlakının normal idarəedilməsi müşahidə olunmayıb. Onların bir çox əmlakları isə həm Bakıda, həm də bölgələrdə fərdlərə satılaraq özəlləşdirilib. Əgər araşdırılsa qurumun fəaliyyətində ciddi korrupsiya faktları ortaya çıxar. Çox təəssüf ki, Azərbaycanda həm dövlət, həm də ictimai təşkilatların əmlakları müxtəlif məmur oliqarxının yeminə çevrilib. Çünki Azərbaycanda idarəetmə yerlibazlıq, qohumbazlıq, rüşvət və korrupsiya ilə müşahidə olunur. Beləliklə də bu idarəetmə sistemi altında ayrıca bir qurumdan normal fəaliyyətdən gözləmək qeyri-mümkündür”.

//Gülnarə Abasova, Editor.az