“Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin hazırda vəziyyəti çox kritikdir. O, zamanında Qərbin layihələrindən biri idi. Gürcüstanda hakimiyyətə gətirilməsi Rusiyanın bütün etirazlarına rəğmən həyata keçirildi”.
Bu fikirləri Editor.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinin sonuna cəmi bir neçə həftə qalması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, M.Saakaşvili hakimiyyəti dövründə rəsmi Moskvaya qarşı açıq siyasət ortaya qoymuşdu: “O, hakimiyyətdə olduğu müddətdə və sonrakı dövrlərdə də daima Rusiyaya, xüsusilə də prezident Vladimir Putin hakimiyyətinə qarşı fikirlər səsləndirib. İndi də özünü Vladimir Putinin əsiri kimi qələmə verir. Bu da onun Rusiya prezidentinə qarşı olan düşmənçiliyindən irəli gəlir. Dövlət başçısı, görkəmli ictimai xadim, siyasətçi kimi fəaliyyət göstərən şəxsin səsləndirdiyi fikirlər də müzakirəyə açıq olmalıdır. Amma bu gün onun səhhətində ciddi problemlər var. Hətta onun həyatı üçün ciddi təhlükə olduğu ilə bağlı fikirlər də səsləndirilir . Onun qeyd etdiyi fikirlərin nə qədər sağlam düşüncə nəticəsində ortaya çıxdığını söyləmək də çətindir”.
X.Bəşirovun fikrincə, bu gün Rusiya və Ukrayna arasında eləcə də dünyada baş verən proseslər heç də Putin hakimiyyətinin təhlükədə olduğuna əsas vermir:
“Saakaşvilinin nüvə silahı ilə bağlı qeyd etdiyi fikirlər də özünü doğrultmadı. Qərb ölkələrinin Rusiyaya qarşı mövqeyində müəyyən yumşalmalar var. Son vaxtlarda baş verən proseslər onu göstərdi ki, hazırda rəsmi Moskvanın daxilində reallaşan bütün hadisələr hakimiyyətin nəzarəti altındadır. Putin hakimiyyəti öz gücünü və nüfuzunu saxlamaqdadır”.
//Safura Bənnayeva, Editor.az

