Sabah “3+3” platformasının ilk iclası keçiriləcək: Görüşün əhəmiyyəti ilə bağlı AKTUAL ŞƏRHbackend

Sabah “3+3” platformasının ilk iclası keçiriləcək: Görüşün əhəmiyyəti ilə bağlı AKTUAL ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. İclasda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının müavinləri görüşəcək. Erməni baş nazir isə sabahkı iclasla bağlı “Moskvadan siqnal almışam ki, mövcud formatlarda müzakirə olunan məsələlərə “3+3” formatında baxılmayacaq” deyib.

Bakı Politoloqlar Klubunun sədri, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov  sabah baş tutacaq görüşün əhəmiyyətini Editor.az-a şərh edərkən bildirib ki,  Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən “3+3” və ya “3+2” formatındakı regional əməkdaşlıq platformasının ilk iclasının dekabrın 10-da həm də Moskvada baş tutması inqilabi addımdır:

“Çünki burada bir-biri ilə müxtəlif xarici siyasətlərində ziddiyyət təşkil edən və bir-birinə geosiyasi rəqib olan Türkiyə, Rusiya və İranın,  Azərbaycan-Ermənistan XİN başçılarının müavinləri iştirak edir. Bu iclas yeni regional iqtisadi əməkdaşlıq platformasının yaranmasına atılan ilk  mühüm addımdır. Xüsusilə vurğulamaq lazımdır ki, sözügedən format Azərbaycan və Türkiyə tərəfindən təklif edilib. Postmüharibə dönəmində Azərbaycan və Türkiyənin də əsas məqsədi regional oyunçuları Cənubi Qafqazdakı iqtisadi layihələr vasitəsilə bir-birinə yaxınlaşdıraraq siyasi ziddiyətlərin kənarlaşdırılmasıdır. Bu vacib addımdır və gələcəkdə regionda ola biləcək müxtəlif münaqişələrin mülayimləşməsinə gətirib çıxaracaq. Formatın mərkəzi oyunçulardan biri Azərbaycandır. Görüşdə tərəflər fikir mübadiləsi aparacaq, bir-birləri üçün aydın olan və olmayan məsələlərə  öz baxış bucaqlarını ortaya qoyacaqlar. Güman edirəm ki, sabah baş tutacaq görüşdə gələcəkdə yaradılacaq iqtisadi platformalarla bağlı yeni yol xəritəsi üzərində cizgilər çəkiləcək”.

//Gülnarə Abasova, Editor.az