“Ukrayna və Rusiya üçün bəlkə də son danışıqlardır. Danışıqların iki əsas mövzusu var. Bunlar Minsk sazişi və NATO məsələsidir”.
Bu sözləri Editor.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə Zelenski Minsk sazişindəki müddəaları olduğu kimi yerinə yetirə bilməz:
“Bu, Ukraynanın müstəqilliyinə və suverenliyinə ciddi zərbə olar. Minsk sazişində nəzərdə tutulan Luqanskın və Doneskin veto hüququna sahib olması ilə Kiyev razı ola bilməz. Lakin Donbasa xüsusi statusun ortaq məxrəcə gətirilərək verilməsi və Konstitusiyaya dəyişiklik istisna deyil”.
Z. Məmmədov qeyd edib ki, Rusiyanı ən çox narahat edən və həm ABŞ, həm NATO, həm də Ukrayna qarşısında qaldırdığı məsələ Alyansın genişlənməyəcəyi haqqında yazılı zəmanətin verilməsidir:
“Məlum məsələdir ki, nə ABŞ, nə də NATO genişlənməyəcəklərini rəsmiləşdirə bilməzlər. Belə olan təqdirdə bir yol qalır. Ukrayna özü bloksuz qalacağını qəbul edir (qəbul etdirilir). Hazırda Ukraynanın özünün NATO ya gələcəkdə üzvlük üçün müraciət etməyəcəyini qeyd etməsi istənilir. Makron və Şölts müharibənin başlamaması üçün Kiyevi yola gətirmək niyyətindədirlər. Faktiki olaraq tarixdə növbəti dəfə Qoca Avropa ilə Britaniya arasında fikir ayrılığının şahidi olduq.Bu həftə vacib danışıqlar həftəsidir. Deməli, kompromis variant var”.
//Gülnarə Abasova, Editor.az

