Şagirdlər arasında şiddət artır: “Bunun əsas səbəbi məktəblərimizdə təlim-tərbiyə işinin sistemli aparılmaması…”backend

Şagirdlər arasında şiddət artır: “Bunun əsas səbəbi məktəblərimizdə təlim-tərbiyə işinin sistemli aparılmaması…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Doğrudan da son illərdə orta məktəblərdə şagirdlər arasında şiddətin artması göz qabağındadır. Xüsusən fiziki cəhətdən güclü olan yuxarı sinif şagirdləri özlərini kriminal aləmdəki kimi hesab edərək aşağı sinif şagirdlərinə müxtəlif qaydalar tətbiq edirlər. Bizdə olan məlumatlara görə, belə faktlara Bakı və Gəncə məktəblərində daha çox rast gəlinir. Yuxarı sinif şagirdlərinin aşağı sinif şagirdlərindən pul toplaması, özlərinə tabe etdirməsi kimi faktlar üzə çıxarılmasa da, təəssüf ki, var. Bunun əsas səbəbi məktəblərimizdə təlim-tərbiyə işinin sistemli aparılmaması və ölkədə tərbiyə konsepsiyasının olmamasıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, “Təhsil haqqında” qanunda ümumtəhsil məktəblərinin vətəndaş və şəxsiyyət yetişdirmək kimi vəzifəsi əks olunsa da, həmin kriteriyalar müəyyənləşməyib:

“Eyni zamanda, cəmiyyətin özündə də müəyyən boşluqlar var. Etiraf edək ki, biz şəhidə 1 metr abidə ucaldanda kriminal aləmin vəfat edən üzvünə 3 metr abidə ucaldırıq. Televiziyalarda təlim-tərbiyə xarakterli proqramların çox az olması yeniyetmələr arasında kriminal aləmə meyli artırır. Bunun qarşısını almaq üçün maarifləndirmə artırmaq lazımdır. Bunun üçün KİV-də, xüsusən də məktəblərdə tərbiyə işlərinə diqqət yetirməliyik. Məktəblərdə sahibkarlığı önə çıxarmaqdansa, təlim-tərbiyə işini önə çıxarmaq vacibdir. Bütün bunlar olmadığı üçün sözügedən aləmə meyllik artır. Hazırda ölkə üzrə belə tədbirlər yox səviyyəsindədir”.

//Gülnarə Abasova, Editor.az