İSTİQAMƏT: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı;
“Müstəqillik dövründən sonra uşaq və gənclərin fiziki, əqli, mənəvi yöndən inkişafı və onların cəmiyyətə qazandırılması istiqamətində müxtəlif dövlət proqramları hazırlanıb”.
Bu fikirləri Editor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, sosioloq Əfqan Vəliyev
bildirib.

Onun sözlərinə görə, bu proqramlarda əsas məqsəd uşaqların və gənclərin sosial müdafiəsini təmin etmək, onların tibbi, təhsil, fiziki yöndən sağlam inkişafına zəmin yaradacaq fəaliyyətlərin həyata keçirilməsi istiqamətində müəyyən işlər görməkdir:
“Dövlət proqramlarında əsasən valideyn himayəsindən məhrum uşaqların himayə altına alınması, sosial təminatının müxtəlif qurumlar tərəfindən həyata keçirilməsi təmin olunur. Eyni zamanda, ölkədə müxtəlif yaş qrupunda olan uşaq və gənclərin fiziki və əqli inkişafına təsir edəcək sosial-psixoloji amillər çərçivəsində məktəblərdə xüsusi proqramlar tərtib olunub. Onlar bu proqramlara cəlb olunaraq milli-mənəvi ruhda tərbiyə olunurlar. Dövlət tərəfindən bu proqramların inkişafı istiqamətində müxtəlif nazirliklər (Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi) müəyyən işlər görür. Gənclər və İdman Nazirliyi də ölkənin müxtəlif yerlərində olimpiya kompleksləri inşa edərək, gənclərin asudə vaxtlarını daha səmərəli, əqli və fiziki yöndən inkişaf etdirəcək idmanla məşğulluğunun təmin edilməsi istiqamətində fəaliyyət göstərib”.
Sosioloq bildirir ki, Azərbaycan gəncliyi müstəqillikdən sonrakı dövrlərdə daha çox beynəlxalq yarışlarda təmsil olunub:
“Eyni zamanda, xaricə təhsil proqramları ilə 10 minlərlə gənc təhsil alıb. Xaricdən geri qayıdanda da Azərbaycan inkişafına töhfələr verir. Azərbaycanda 18 yaşınadək uşaqların dövlət tərəfindən himayəsi təmin olunur. Bu istiqamətdə müxtəlif qurumlar yüksək səviyyədə işlər görür. Ölkənin bəzi yerlərində uşaqların səyyar tibbi müayinəsi təşkil olunub, sağlamlıqlarına yüksək diqqət ayırılır. Hər cəmiyyət üçün insanların və gənclərin inkişafında təhsil, səhiyyə, mədəniyyət və idman sahələri çox vacib rol alır. Bütün bunlar gənclərin milli-mənəvi ruhda tərbiyə olunması istiqamətində olduqca əhəmiyyətlidir. Azərbaycan gəncliyi beynəlxalq platformalarda bu gün ölkəni uğurla təmsil edir. İslam Konfransı Forumu, Dünya Gənclər Birliyi, Türk yazarlar birliyi kimi təşkilatların əsas təşəbbüskarı Azərbaycan gəncliyidir. Bu gün Azərbaycan gəncliyi dünyanın möhtəbər universitetlərində təhsil alır. Sonrakı dövrlərdə də bu universitetlərdə akademik kadrların tərkibində qalıb özlərini inkişaf etdirirlər. Daha sonra isə Azərbaycanın gələcəyinə böyük dəstək verirlər.
Cəmiyyətdə sağlam ruhlu gənclərin böyüməsi, təhsil alması, Azərbaycanın gələcəyi üçün böyük rol oynayır. Bugünkü uşaq və gənclər gələcəyin liderləri, idarəçiləri, hərbçiləridir. Ölkənin güclü inkişafını təmin edəcək missiyanı öhdəsinə götürən kateqoriyadır. Ona görə də gənclərin hərtərəfli inkişafıının təmin edilməsi ölkənin gələcəyinə edilən yatırımdır”.
Əfqan Vəliyevin fikrincə, bu gənclərə qoyulan investisiya nə qədər çoxalarsa, tərtib olunan proqramlar keyfiyyətli olarsa, ölkə üçün bir o qədər töhfə verəcək:
“Bunun üçün xarici təcrübələrdən geniş istifadə olunması da mühüm amildir.
Çünki Finlandiya, İsveç kimi dünya ölkələrinin bu istiqamətdə təcrübəsi daha məqsədəuyğundur. Türkiyə təcrübəsini də xüsusilə qeyd etməliyik. Gənc yaşda xüsusi istedadlı uşaqların qayğısına qalmaq, müxtəlif proqramlara cəlb olunması, istedadlarının ölkəyə uyğun dəyərləndirilməsi çox vacibdir. Bu xüsusi istedadlı gənclər daima diqqətdə saxlanılmalı, ölkənin gələcəyinə qazanıdırılmalıdır”.
Safura Bənnayeva, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


