Sağlam təfəkkürlü gənc nəslin yetişdirilməsi: Hansi işlər görülür?backend

Sağlam təfəkkürlü gənc nəslin yetişdirilməsi: Hansi işlər görülür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

Hər bir ölkə öz gələcəyi, inkişafı üçün gənc nəslə ümid bəsləyir. Gələcəyin təməlini daşıyan bu gənc nəslin sağlam təfəkkürdə yetişdirilməsinə isə xüsusi həssaslıq və diqqətlə yanaşır. Vətəni qorumaq, sevmək, sədaqətli olmaq isə prioritet mövzulardandır.

Vətənpərvərlik hissi uşaq yaşlarından formalaşdırılmalıdır. Bu, ilk ailədən başlanır. Valideynlər vətəni nə qədər sevsə, uşaqlara da bu sevgi o qədər aşılanır. Doğrudur, burada cəmiyyətin, mühitin də üzərinə böyük iş düşür. Təhsil aldıqları ali məktəblərdə də onlara milli mənlik şüuru təlqin edilə bilər. Televiziyalar da bu sahədə əvəzsiz işlər görməlidir.  Bütün cəmiyyətdə bu ali hiss yüksək səviyyədə tərbiyə edilməlidir. Azərbaycan gəncliyi bölgədə öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olan gənclər kimi həmişə sayılıb-seçilib.

Bu gün müstəqil ölkənin gənclərində vətənpərvərlik hissləri də yüksək səviyyədədir. Bu prosesin kökündə isə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı mühüm rol oynadı. Belə ki, həmin vaxt əsası qoyulan gənclər siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Maraqlıdır, bəs bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində daha hansı əsaslı addımlar atılmalıdır? Ümumiyyətlə, kütləvi informasiya vasitələri əsasən də televiziya kanallarında hərbi vətənpərvərlik hisslərinin aşılanması istiqamətində hansı çatışmazlıqlar müşahidə edilir, bu məzmunlu verilişlər qənaətbəxşdirmi?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hər bir ölkə gələcəyə güvənli gənc nəsil yetişdirməyə çalışır:

“Gənc nəslin milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində çox işlər görülməlidir. Bu gün həmin istiqamət əvvəlki dövrlərə nisbətən artıq diqqət cəlb edən mövzudur. Sosial medianın, internetin güclü olduğu 21-ci əsrdə bu məsələ aktualdır. Bəzi məmurlar bunu dərk etmirlər. Mən isə sabaha görə narahatam. Bu gün KİV-də elə məsələlər təbliğ olunur ki, gənclər faydalı iş görmək əvəzinə asan qazanc yolunu seçirlər. Ölkəmizdə sayı-hesabı bilinməyən QHT-lər fəaliyyət göstərir. Onların keçirdiyi formal xarakterli tədbirlərin də bir əhəmiyyəti olmur. Gənclər və İdman Nazirliyi də bu sahədə çox işləməlidir.  Hərbi vətənpərvərlik hisslərinin tərbiyəsi, aşılanması istiqamətində görülən işlər, bu xarakterli tədbirlər media vasitəsilə işıqlandırılır. Lakin bu, kifayət etmir. Televiziyalar da öz işlərində çox böyük dönüşlər etməlidirlər”.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə qeyd edir ki, sağlam təfəkkürlü gənc nəslin yetişdirilməsinin iki yolu var:

“Birincisi, onlara yaradılmış əlverişli şəraitlə bağlıdır. Sosial, səhiyyə, hüquq, iş sistemi buna daxildir. İkincisi isə aparılan təbliğatla bağlıdır. Hər iki tərəfdə ciddi problemlər özünü göstərir. Gənclərə sahib çıxmasaq, onlardan heç bir vətənpərvərlik, milli dəyərlərə sadiqlik gözləyə bilmərik. Hər hansı bir gənc yaşadığı mühitdə inkişafı üçün müəyyən imkanların yaradıldığını bilməlidir. Azərbaycanda son vaxtlar milli-mənəvi dəyərlərin əksinə yad dəyərlərin təbliği güclənib. Buna son qoyulmalıdır. Müasirlik, Avropaya inteqrasiya adı altında gənclərə aşılanan fikirlər nəticələrə də təsir edir. Boşanmaların sayının artması, narkomaniyaya meyillilik, cinayətlərin çoxalması buna nümunədir”.

Sosioloqun sözlərinə görə, ölkədə gənc nəslin düzgün yetişməsində medianın, xüsusən də televiziyaların çox böyük rolu var:

” İntellektual, elmi verlişlərin yayımlanması, gənclərə biliyin, insani, mənəvi dəyərlərin təbliğ olunması vacib məsələdir. Lakin biz bunun əksini görürük. Azad internet də gəncləri milli mənəvi dəyərlərdən uzaqlaşdırır. Bu işdə həm dövlətin, həm də cəmiyyətin öhdəliyinə böyük məsuliyyət düşür. Bir neçə bayağı vətənpərvərlik verilişləri ilə məsələ həll edilmir. Hər şey təbii olmalıdır. Sağlam mühit,cəmiyyət formalaşmalıdır. Gənclərin inkişafı istiqamətində dövlət tərəfindən hər cür imkanlar yaradılmalıdır. Onların təhsil, idman, yaradıcılıq, yönümlü işlərə yönəldilməsi lazımdır. Çətinliklə üzləşən gənclərin artıq xarici ölkələrə üz tutduğunu görürük. Bu halların qarşısını almaq, vətənpərvərlik hisslərini formalaşdırmaq üçün hərşey qarşılıqlı olmalıdır. Dövlət, cəmiyyət, media bir konsepsiya üzərində işləməlidir”.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.