Şahramanyan qondarma rejimi niyə “diriltdi”? – Azərbaycana qarşı ŞOK PLANbackend

Şahramanyan qondarma rejimi niyə “diriltdi”? – Azərbaycana qarşı ŞOK PLAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əslində, Samvel Şahramanyanın atdığı addımlar təkcə İrəvanın istək və arzusu ilə həyata keçirilən proses deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Analitik qondarma “Artsax”ın “prezident”i Samvel Şahramanyanın özünü ləğvetmənin ləğv edilməsi ilə bağlı imzaladığı absurd “saziş”ə münasibət bildirib.

Xatırladaq ki, ötən gün separatçı rejimim “lider”i qondarma “DQR”in ləğv edilməsi ilə bağlı imzaladığı “fərman”ın ləğv edilməsi haqqında yeni bir “fərman” imzalayıb.

E. Mirzəbəyliyə görə isə, prosesdə kənar qüvvələrin iştirak etməsi şübhə doğurmur:

“Çünki daha öncə də Ermənistan rəhbərliyindən bəyan edilmişdi ki, qondarma “Artsax”ın Ermənistan ərazisində fəaliyyətini davam etdirməsi İrəvan üçün çox ciddi problemlərə yol açır. Atılan addım isə, həmçinin Ermənistan hakimiyyətinə yönləndirilmiş bir addım kimi qiymətləndirilə bilər. Məntiqlə situasiyanı qiymətləndirsək, qondarma rejimin fəaliyyətini davam etdirməsinin heç bir effekti və məlum prosesin Azərbaycana təsir imkanları yoxdur. Digər tərəfdən, bunlar Azərbaycanın arqumentlərini möhkəmləndirəcək. Faktiki olaraq, bundan sonra reinteqrasiya ilə bağlı hər hansı bir məsələ gündəmə gəlsə, bu, müvafiq prosesin də qarşısını alacaq. Çünki bu, artıq Azərbaycan vətəndaşları kimi həmin şəxslərin Azərbaycan ərazisinə qayıdışı deyil, əksinə, separatizmin yenidən ölkəmizə qanad açması kimi dəyərləndiriləcək ki, bu da rəsmi Bakının ölkə qanunvericiliyi və beynəlxalq hüquq normalarına uyğun olaraq tamamilə əks bir mövqedən çıxış etməsinə imkan yarada bilər”.

“Düşünmürəm ki. İndiki şəraitə qondarma rejimin fəaliyyətinin “bərpa edilməsi” Ermənistan hakimiyyəti ilə razılaşdırılmış bir addım olsun. Nikol Paşinyan və ətrafının onlara qarşı sərt addım atmamasının səbəbi isə prosesi öz əleyhinə çevirməməkdən qaynaqlanır. Əgər maneə sərt şəkildə həyata keçiriləcəksə, o zaman Ermənistanın mərkəzi şəhərlərinə məqsədyönlü şəkildə köçürülmüş separatçılar, nəticə etibarilə, indiki siyasi hakimiyyətə qarşı yeni bir etiraz dalğasının başladılmasını stimullaşdıra və bunu həyata keçirə bilərlər”, – deyə əlavə edib.

Müsahibimiz əmin edib ki, indiki reallıqda Ermənistan hakimiyyətinin sərt reaksiya verməməsinin səbəbi də bununla bağlı ola bilər:

“Məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki, bu, Ermənistan ərazisindən Azərbaycana təhdid və təhlükə yaratdığı üçün Azərbaycan tərəfindən Ermənistana qarşı sərt tədbirlərin həyata keçirilməsini zəruri edir. Ola bilsin ki, məqsəd də bundan ibarətdir. Yəni separatçılar və dolayısı ilə onları idarə edən qüvvələr prosesi stimullaşdıra bilərlər ki, Azərbaycanla Ermənistan arasında münasibətlər yenə də gərginliyə dirənsin, sərt tədbirlərin həyata keçirilməsinə zəmin yaransın”.

“Reallıq ondan ibarətdir ki, Ermənistan, yaxud başqa ölkələrin ərazisindən Azərbaycan ərazisinə təhdid yaradan istənilən hadisə həmin ərazidəki separatçıları, hərbi strukturları legitim hərbi hədəfə çevirir. Şübhəsiz ki, Azərbaycan da buna uyğun olaraq müvafiq addımlar ata bilər. Bu, fərziyyə də olsa, reallaşması mümkün olan addımlardır. Təəssüflər olsun ki, mənzərə bundan ibarətdir və bu, həm də sülh danışıqlarına maneə yaratmaq xarakteri daşıyır”, – deyə o, fikirlərini tamamlayıb.