Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” Partiyasının yeni parlament seçkiləri ilə bağlı müxalifətlə razılaşmadığı təqdirdə “rejimin devrilməsi” ilə bağlı xəbərdarlıq edib.
Dövlət başçısının videomüraciəti yerli “İnterpressnews” portalı tərəfindən dərc olunub.
Xanım Zurabişvilinin sözlərinə görə, böhranın qarşısını almaq üçün qanuni yollar tükənib. O, məhkəmələrin hüquq sisteminin təkmil olmadığına görə nəticə vermədiyini bildirib. Prezident qeyd edib ki, Konstitusiya Məhkəməsi “Gürcü arzusu”nun qələbəsi ilə bağlı iddiaya baxmayıb və “antikonstitusion vəziyyət” yaradıb.
Zurabişvili yeganə çıxış yolunu dekabrın 29-dan əvvəl keçirilməli olan yeni seçkilər hesab edir. O, bunu xalqın, müxalifətin və özünün tələbi adlandırıb. “Rejim öz-özünə yıxılır, heç kimin bu işə qarışması yoxdur. Bu, hakimiyyətdə olanların günahıdır, çünki vaxtında anlamayıblar”, – deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb. Dekabrın 14-də isə Gürcüstanda keçmiş futbolçu Mixail Kavelaşvilinin qalib gəldiyi prezident seçkiləri keçirilib.
//Samir Qurbanov, Editor.az