Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili bildirib ki, seçilmiş dövlət başçısı Mixail Kavelaşvili vəzifəsinin icrasına başladıqdan sonra prezident sarayını tərk edəcək.
Tərəfdarları qarşısında çıxış edən xanım Zurabişvili bildirib ki, o, özünü yeganə legitim dövlət başçısı hesab edir. O qeyd edib ki, prezident sarayını tərk edərkən özü ilə “legitimliyi və bayrağı” da götürür. “İqamətgahda olub-olmamağımdan heç nə dəyişməyəcək. Bu prezident iqamətgahı bir simvol idi, nə qədər ki, prezident burada idi, bu, qanuni idi. Mən Gürcüstanın yeganə legitim prezidenti olaraq qalıram”, – Salome Zurabişvili bildirib.
Eyni zamanda, prezident sarayında seçilmiş dövlət başçısı Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilir. O, təntənəli andın sözlərini söyləyib və sonra Gürcüstan himni səsləndirilib.
Qeyd edək ki, xanım Zurabişvili bundan əvvəl dövlət başçısının iqamətgahını tərk etməkdən imtina edib.
//Samir Qurbanov, Editor.az