Rusiya sanksiyalara görə son 30 ilin ən güclü iqtisadi çöküşünü yaşaya bilər. Bu barədə “Blumberq” nəşri məlumat yayıb.
Nəşrin analitiklərinin bildirdiyinə görə, Rusiyanın ümumdaxili məhsulu 12% azalacaq:
“Əvvəlki proqnoza görə isə azalma 8% düşünülürdü. Əgər proqnoz özünü doğruldarsa, bu, SSRİ-nin 1990-cı ildəki çöküşü zamanı yaşanan iqtisadi sarsıntı ilə müqayisə oluna bilər”.
Rusiyaya tətbiq edilən sanksiyaların mahiyyəti barədə Editor.az-a danışan iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, sanksiyalar və onların təsirlərinin zaman keçdikcə dərinləşəcəyi proqnozlaşdırılır:

” Bildiyiniz kimi sanksiyalar getdikcə Rusiya iqtisadiyyatının daha strateji sektorlarını əhatə etməyə başlayıb. Rusiyanın Ukraynadakı iddialarından geri çəkilmədiyi müddətcə bu sanksiyaların daha da dərinləşməkdə davam edəcəyi gözlənilir. Çünki Ukraynada baş verənlər artıq Rusiya-Ukrayna münasibətləri kontekstindən çoxdan çıxıb. “İsti” müharibənin uzanması, Qərbin Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ axtarışlarına da imkan yaradır. İndiki mərhələdə görünən odur ki, Qərb, Rusiya qazından imtina etməyə hələ hazır olmasa da Rusiya neftindən imtinanı böyük ölçüdə reallaşdıra bilər. Qərbin Rusiya neftindən imtinası qısa dövr üçün neftin dünya bazar qiymətlərini bir qədər yuxarı çəkəcəkdir. Ancaq Rusiyanın da alternativ bazar axtarışları bir müddət sonra bu təsiri əhəmiyyətli dərəcədə neytrallaşdıra bilər”.
İqtisadçı ekspertin sözlərinə görə, Qərb texnologiyasından asılı olan Rusiya iqtisadiyyatının tədricən bu imkandan məhrum olması ən vacib məsələlərdən biridir:
” Rusiya əsasən təbii resurs ixrac edən iqtisadiyyatdır. Ancaq çox böyük həcmdə və çox böyük çeşiddə mal və xidmətlər idxal edir. Bu idxalın da önəmli bir hissəsi mövcud qeyri-resurs sektorunun və qeyri-resurs ixracının formalaşmasını təmin edir. Rusiyanın ən çox öyündüyü hərbi-sənaye kompleksinin belə xaricdən texnoloji asılılığı çox yüksəkdir. İndi bu sanksiyalar nəticəsində getdikcə nə baş verəcək? Xarici investisiyalardan, texnologiya idxalından, tranzit gəlirlərindən, ixrac və yenidən ixrac (re-eksport) imkanlarından tədricən məhrum olan Rusiya iqtisadiyyatı ortaya çıxır. Bu Rusiya üçün tədricən iqtisadiyyatın kiçilməsi, işsizlik, yoxsulluq, inflyasiya, milli pulun dəyərdən düşməsi deməkdir. Bu vəziyyət Azərbaycan üçün müəyyən fürsətlər yaratsa da, bütövlükdə regiondakı iqtisadi vəziyyət baxımından mənfi haldır. Azərbaycanın iki qonşusu – Ermənistan və İran – hazırda demək olar ki, iqtisadi təcrid vəziyyətindədir. İndi bu sıraya üçüncü və daha böyük qonşusu olan Rusiya da qatılmaq üzrədir. O Rusiya ki, Azərbaycanın qeyri-neft ixracının əhəmiyyətli hissəsi bu ölkəyədir, bu ölkəyə iş qüvvəsi ixracından Azərbaycan böyük həcmdə gəlir əldə edir.Şübhəsiz ki, baş verən hadisələr region iqtisadiyyatı üçün yaxşı hal deyildir. Ona görə də Azərbaycanın qarşısında dünya iqtisadiyyatında yeni mövqe seçimi məsələsi olduqca aktual bir məsələ kimi dayanır. Bu isə yeni və səmərəli iqtisadi əməkdaşlıqların qurulması istiqamətində axtarışların sürətləndirilməsini tələb edir. Fikrimcə, Azərbaycanın belə imkanları heç də məhdud deyil”.
//Gülnarə Abasova, Editor.az

