“Aİ-nin sədri Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri ilə görüşündə Minsk qrupunun missiya və fəaliyyətinə heç toxunulmaması Bakının böyük siyasi qazancıdır. Avropa İttifaqının proseslərə cəlb edilməsində əsas hədəflərdən biri bu idi. Bu məsələdə həm də Rusiyanın maraqları var. Çünki münaqişənin bitməsi reallığı ilə bağlı Moskvanın gündəliyi Azərbaycanla eynidir. Rusiya Prezidenti Vladimir Putin də Soçi görüşündən sonra Avropa İttifaqının Şurası Prezidenti Şarl Mişellə telefonda danışdı. Görünür ki, ATƏT-in Minsk Qrupunun dirildilməsi cəhdlərinə qarşı Qərb də Azərbaycan tərəfi də Avropa İttifaqını alternativ olaraq ortaya çıxardır”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Asif Nərimanlı deyib.

Onun sözlərinə görə Şarl Mişelin bəyanatında ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi onu deməyə əsas verir ki, Avropa masası da Minsk Qrupu formatının artıq keçmiş mövqedə qaldığı ilə razılaşır:
“Azərbaycan və münaqişənin həllində iştirak edən Rusiya tərəfi postmünaqişə dövründə iki ölkə arasında münasibətlərin normallaşması və humanitar məsələlərin həllində kömək məqsədilə Minsk qrupunun fəaliyyətinə yaşıl işıq yandırırdı. ATƏT-in Minsk qrupunun fəaliyyətinə yalnız bu formatda icazə verilə bilərdi. Ermənistan tərəfi isə Minsk qrupu formatının əvvəlki vəziyyətə qaytarılmasını istəyirdi. Həm də bununla münaqişənin həll ediləcəyini göstərməyə çalışırdı. Minsk qrupu postmünaqişə dövründə yalnız bu formatda iştirak etsə belə bu, yaratdığı riskin tam aradan qaldırılması demək deyildi. Bu baxımdan Minsk Qrupuna Avropa İttifaqının alternativ kimi ortaya çıxması çox mühüm məsələdir. Yəni rəsmi Bakı Qərbdə ATƏT-in Minsk qrupu formatına qarşı Avropa İttifaqını alternativ kimi ortaya çıxardaraq bir növ Qərbdəki çağırışları, yaranan təhdidləri Qərb masasında neytrallaşdırdı. Bu mühüm məsələdir və Azərbaycan Prezidenti Avropa masasından da qalib ayrıldı. Bunu Şarl Mişelin bəyanatının mətnində də görmək olur. Xüsusən bəyanatda 10 noyabr və 11 yanvar, o cümlədən 26 noyabr Soçi razılaşmalarının vurğulanması, iki ölkə arasında sülhə dair çağırışların edilməsi sırf Azərbaycan gündəliyinin Avropa masasında qəbul edildiyini göstərir. İstisna deyil ki, həmsədr ölkələrdən xüsusilə Fransa proseslerdə yenidən aktivləşmək istəyə bilər. Avropa İttifaqının alternativ kimi ortaya çıxarılması, Qərbdə Azərbaycanın Minsk Qrupunu yox Avropa İttifaqını tərəf kimi görməsi, Minsk Qrupunun dirildilməsi cəhdlərini bir qədər də zəiflədir. Zaman-zaman bu format üzərindən müəyyən məsələlər gündəmə gətirilə bilər, lakin ATƏT-in Minsk qrupunun proseslərə praktiki heç bir təsiri onsuz da yoxdur, sadəcə bəyanatlarda adı keçə bilər. Avropa İttifaqının proseslərə praktiki qoşulması bu cür cəhdləri birbaşa zəiflədir. Bir növ Minsk Qrupunun dəfn edildiyini belə deyə bilərik. Azərbaycan isə bunu Rusiya masasında deyil, Avropa masasında etdi. Əsas incə məqam da budur”.
//Gülnarə Abasova, Editor.az

