Şarl Mişelin Brüssel görüşü ilə bağlı açıqlamalarında DİQQƏTÇƏKƏN MƏQAMLAR – Politoloqdan ŞƏRHbackend

Şarl Mişelin Brüssel görüşü ilə bağlı açıqlamalarında DİQQƏTÇƏKƏN MƏQAMLAR – Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brüsseldə keçirilən görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin verdiyi açıqlamalar onu göstərir ki, görüşdə konstruktiv müzakirələr aparılıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq Şarl Mişelin açıqlamalarında bir çox məqama diqqət çəkib:

” Şarl Mişel Aİ-nın məqsədinin Azərbaycanla Ermənistan arasında əhatəli və ədalətli sülhə nail olmaq üçün səylər göstərmək olduğunu deyib. Tərəflərin Vaşinqtondakı görüşlərindən sonra aldığı impluslara uyğun olaraq sülh prosesinin irəli çəkilməsini istəyir. Görünür, görüşdə bu istiqamətdə məsələlər əhatəli şəkildə müzakirə olunub. İlk olaraq bu müzakirələrin başında sərhədlərin dəqiqləşdirilməsi və delimitasiya, baş verən təxribatların dayandırılması dayanır. Bunun ardınca tərəflərin bir daha bir-birinin ərazi bütövlüyünə hörmət etməklə bağlı mövqelərində heç bir dəyişikliyin olmadığını və buna sadiqlik nümayiş etdirdiyi qeyd olunur. Bundan başqa nəqliyyat və kommunikasiyaların açılması məsələləri də müzakirə olunub. Eyni zamanda, Zəngəzur dəhlizində dəmir yolunun açılması ilə bağlı tərəflərin mövqelərində yaxınlaşmaların olduğu vurğulanır. Kommunikasiyaların açılması və bununla bağlı tətbiq olunacaq qaydalar Beynəlxalq Gömrük təşkilatı ilə müzakirə edilərək prosesin irəli aparılması qeyd olunur. Humanitar məsələlər üzərində müzakirələr aparılıb ki, bunların arasında bir neçə ay öncə qeyri-sabit hava şəraiti ilə əlaqədar yolu itirib Ermənistan tərəfə keçmiş və əsir düşmüş hərbiçilərimizin taleyi ilə bağlı məsələlər də müzakirə edilib. Bundan başqa müzakirə məsələləri arasında Şarl Mişelin Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizlik məsələləri ilə əlaqədar reinteqrasiya prosesinin daha şəffaf şəkildə aparılması ilə bağlı çağırışları da yer alır. Bu məsələ isə Azərbaycanın öz verdiyi bəyanatlara zidd deyil. Belə ki Azərbaycan hər zaman Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlik məsələsinin daxili işi olduğunu söyləyir və onların Azərbaycan vətəndaşlığını qəbul etdiyi halda Azərbaycan Konstitusiyasına uyğun olaraq bütün hüquq və təminatlardan istifadə edəcəyini də öz üzərinə öhdəlik kimi götürdüyünü bəyan edib. Son olaraq Şarl Mişel bir daha tərəflərə bundan sonra danışıqları daha da irəli aparmaq və sülh sazişi imzalamaq üçün daha qətiyyətli addımlar atmaqla bağlı çağırışlar edir ki, bu da Azərbaycanın maraqlarına uyğundur. Belə ki, Azərbaycan özü də tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu nümayiş etdirir və 5 baza prinsipini təklif edir”.

O. Qasımov mayın 14-ü Brüsseldə görüşün baş verdiyi bir vaxtda Ermənistanın Kəlbəcər istiqamətindəki təxribatlarına da toxunub:

” Belə ki təxribatların arxasında həm Ermənistan daxilində və kənarda bölgədə sülh və sabitliyin bərqərar olmasında maraqlı olmayan qüvvələr dayanır. Regionda Rusiya, Fransa, İran və digər aktorlar da Ermənistanı təxribatlara təşviq edən tərəflər kimi görünür. Ancaq təxribatlarda Ermənistan hakimiyyətinin də marağı var. Ermənistan hakimiyyəti bir tərəfdən danışıqlar aparıb digər tərəfdən bu cür ikiüzlü hərəkətlərlə sülh prosesinə zərbə vurur və təxribatlara görə birbaşa məsuliyyət daşıyır”.

//Gülnarə Abasova, Editor.az