“Savaş olarsa, bu, region ölkələri üçün ciddi təhlükə yaradacaq”- ŞƏRHbackend

“Savaş olarsa, bu, region ölkələri üçün ciddi təhlükə yaradacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumiyyətlə, Azərbaycanın burnunun ucunda bir savaşın olması heç bir halda ölkəmizə müsbət nəsə bir şey vəd edə bilməz. Region ölkələri üçün də bu təhlükədir. Regionun əsas dövlətlərindən biri İrandır, eyni zamanda, Rusiyanı da unutmaq olmaz. İranın vurulması və ya sıradan çıxarılması indiki mərhələdə bizə sərf etməz. Regionumuzun “barıt çəlləyi”nə çevrilməsini arzulamamalıyıq. Hətta indiki mərhələdə Rusiyanın belə zəifləməsini yaxud parçalanmasını arzulamıram. Bilirsiniz niyə? Azərbaycan kimi kiçik bir ölkə cənubdan və şimaldan gələ biləcək “insan axını”nı qarşılamağa hazır deyil. Könül istəyir ki, cənubda bir müstəqil dövlətimiz yaransın. Amma indiki zamanda 40 milyon türkün müstəqil bir türk dövləti qurmasına izn verilməz. Bu mənada İran dağılarsa, bizi təhlükələr gözləyə bilər. Rusiya da parçalanarsa, orada yaşayan, çalışan 2 milyon civarında azərbaycanlının taleyi necə olacaq? Biz Qarabağı tikib-qurmaqla məşğuluq, bunun üçün on milyardlarla vəsait xərcləyirik. Bunun üzərinə işsizlər ordusunun yaranmasının qarşısını ala bilmərik”.

Bu fikirləri Editor.az-a AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.

Siyasi şərhçi İranın yaxın gələcəkdə vurulacağına inanmır:

“Ehtimallar irəli sürülür ki, bu ilin sonuna qədər cənub qonşumuz vurula bilər. Açığı buna inanmıram. Zaman-zaman bu cür versiyalar ortaya atılıb. Son 20 ildə daha çox tez-tez Tehranın vurulacağı deyilib, amma hələ ki, bunun biz şahid olmamışıq. Hazırda Rusiya ilə dil tapmağa çalışan Tramp necə Kremlə yaxın sayılan İranın vurulmasına izn verər? Bəllidir ki, İsrail cənub qonşumuzu vurarsa, bunun razılığını öncəliklə Ağ Evdən alacaq. Bu da hazırda mümkün görünmür.

Azından Ukrayna savaşı tam bitənə qədər belə bir hadisənin şahidi çətin olarıq. Bir də unutmayaq ki, İran elə də “asan udulan balıq deyil”. Yəni illərlə davam edəcək bir savaşa girilə bilər ki, dünya da Ukraynada gedən savaşdan yorulub və yeni bir müharibə ocağının yaranmasında maraqlı deyil”.

Sonda müsahibimiz Azərbaycanla bağlı yaranan narahatlıqlarla əlaqədar fikirlərini də bölüşüb:

“Ölkəmizlə bağlı narahat olmağa dəyməz. Öncəliklə, bizim arxamızda Türkiyə kimi güclü bir NATO ölkəsi dayanıb. Digər tərəfdən bu savaşın ölkəmizə yansımasında Ermənistan istisna qonşularımız maraqlı görünə bilməz. Bu savaşın əhatə dairəsinin daha da genişlənməsinə və iştirakçıların sayının artmasına səbəb ola bilər.

Ərazilərimiz hədəf alına bilərmi? Xeyr. Çünki əgər hücum olarsa, İsrail tərəfindən olacaq. Azərbaycanın ən yaxın müttəfiqlərindən sayılan İsrail Azərbaycanı niyə vursun ki? İran da bunu etməz. Çünki daxilində 40 milyona yaxın Azərbaycan türkü yaşayır. Onun üçün də narahatlığa heç bir əsas görmürəm”.

//Gülnarə Abasova, Editor.az